Sosial şəbəkələrdə bəzi fiziki və hüquqi şəxslər tərəfindən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının və mənşə sertifikatının verilməsi xidmətləri təklif olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür təkliflərlə üzləşən sahibkarları diqqətli olmağa çağırır və bu xidmətləri təklif edən vasitəçi fiziki və hüquqi şəxslərin xidmətlərindən istifadə etməmələrini tövsiyə edir. Bu cür faktlarla rastlaşan sahibkarların Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Məlumat üçün bildiririk ki, mənşə sertifikatlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının verilməsi yalnız İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətindədir. Sahibkarlıq subyektləri mənşə sertifikatlarını elektron qaydada İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) linkə keçid edərək ala bilərlər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyadan keçmək istəyən qurumlar isə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə müraciət etməlidirlər. Sahibkarlıq subyektləri uyğunluq sertifikatlarını vermək səlahiyyəti olan qurumların siyahısı barədə məlumatları “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsindən (https://accreditation.gov.az/az/database/certification-organization) əldə edə bilərlər.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır və qanunsuz xidmətləri təklif edən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülür.