Orta ümumtəhsil məktəblərində təhsil alan kiçik istehlakçılara öz hüquqları praktiki nümunələr vasitəsilə izah olunub və bu hüquqları necə qorumalı olduqlarına dair tövsiyələr verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində Bakı şəhərinin ümumtəhsil məktəblərində təhsil alan kiçik istehlakçılarla görüşlər keçirib.
Məktəbyaşlı uşaqlara istehlakçı hüquqları ilə bağlı ilkin biliklərin aşılanması məqsədilə növbəti açıq dərslər Nəsimi rayonu 5 nömrəli və Nərimanov rayonu 202 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün təşkil edilib.
Açıq dərs zamanı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, kiçik istehlakçıların öz hüquqlarını daha yaxşı anlaması üçün praktiki numünələr üzərindən izahlar verilib. Malın dəyişdirilməsi və qaytarılması zamanı riayət edilməli olan qaydalar, eləcə də dəyişdirilməli olmayan mallar barədə məlumat şagirdlərin diqqətinə çatdırılıb, onlara mağazada mal alarkən və ya hər hansı xidmətdən istifadə edərkən məlumat almaq, sərbəst seçim etmək hüquqlarından istifadə etmələrinə dair tövsiyələr verilib.
Görüş zamanı məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məqamlara aydınlıq gətirilib.













