Layihə
“Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” milli texniki reqlamentin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” milli texniki reqlament təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “__” ______ 2025-ci il
№ ___
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2025-ci il ______tarixli ____ nömrəli qərarı ilə
təsdiq edilmişdir
Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında Texniki Reqlament
1. Ümumi müddəalar
1.1. "Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” Texniki Reqlament (bundan sonra – Texniki Reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə uyğun olmaqla Azərbaycan Respublikası ərazisində qaz yanacağı ilə işləyən qurğulara (bundan sonra – qazla işləyən qurğular) dair məcburi tələblərin müəyyən edilməsi və bu qurğuların istehlak bazarında sərbəst dövriyyəsinin təmin edilməsi məqsədilə hazırlanmışdır.
1.2. Bu Texniki Reqlament insanların həyatının və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının mühafizəsi, qazla işləyən qurğuların təyinatı və təhlükəsizliyi ilə bağlı istehlakçıları (istifadəçiləri) çaşdıran hərəkətlərin qarşısının alınması, habelə enerji səmərəliliyi və resurs qənaətinin təmin edilməsi məqsədi ilə qazla işləyən qurğulara dair tələbləri müəyyən edir.
1.3. Bu Texniki Reqlamentin məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. alışdırma – alışdırıcı və (və ya) əsas odluğun qaz-hava qarışığının aşkar alovun iştirakı ilə alovlanması prosesidir;
1.3.2. hazır qarışıqlı odluq – odluğun çıxışından əvvəl qazın yanma havası ilə qarışdığı və ya hazır qaz-hava qarışığının daxil olduğu avadanlıq;
1.3.3. idxalatçı – Azərbaycan Respublikasının rezidenti olan, qazla işləyən qurğuların alınmasına dair xarici ticarət müqaviləsi bağlayan, həmin qurğuların saxlanmasını və satışını (topdan və (və ya) pərakəndə) həyata keçirən və qazla işləyən qurğuların bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının ona şamil edilən digər texniki reqlamentlərin tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyan şəxs;
1.3.4. istehlakçı – öz ehtiyacları üçün qazla işləyən qurğuları almaq niyyətində olan və ya onu alan fiziki və ya hüquqi şəxs;
1.3.5. istehsalçı – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün qazla işləyən qurğular istehsal edən və (və ya) öz adı və (və ya) ticarət nişanı altında dövriyyəyə buraxan və qazla işləyən qurğuların bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının ona şamil edilən digər texniki reqlamentlərinin tələblərinə uyğunluğuna cavabdeh olan müəssisə, idarə, təşkilat və ya sahibkar;
1.3.6. istehsalçının səlahiyyətli nümayəndəsi – qazla işləyən qurğuların bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının onlara şamil edilən digər texniki reqlamentlərinin tələblərinə uyğun gəlməsinə görə məsuliyyət daşıyan, o cümlədən, qazla işləyən qurğuların Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi zamanı istehsalçı tərəfindən bağlanmış müqavilə əsasında istehsalçının adından hərəkətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə qeydiyyata alınmış fiziki və ya hüquqi şəxs;
1.3.7. işəsalma gücü – qazın odluğa verildiyi andan alovlanma anına qədər olan vaxt intervalında qazla işləyən qurğunun orta texniki imkanları;
1.3.8. kombinəli odluq – qaz və ya maye yanacaqların ayrı yanması üçün nəzərdə tutulmuş odluq;
1.3.9. qazla işləyən qurğular partiyası – funksional təyinatı və dizaynına əsasən eyniləşdirilən, eyni texniki sənədə və texnoloji proseslərə uyğun istehsal olunan qazla işləyən qurğuların miqdarı;
1.3.10. qazla işləyən qurğuların istehlak bazarında dövriyyəsi – istehsalından sonra qazla işləyən qurğulara olan hüquqların istehsalçıdan istehlakçıya (istifadəçiyə) keçməsi;
1.3.11. qazkeçirmə norması – idarəetmə, tənzimləmə və təhlükəsizlik avadanlıqlarının bağlı olduğu halda giriş borusuna qaz verilərkən qaz yolundan keçən qazın icazə verilən miqdarı;
1.3.12. qaz yanacağı – 20 °C temperaturda və 101,325 kPa atmosfer təzyiqində qaz halında olan yanacaq;
1.3.13. qaz yolu – əsas bağlayıcı avadanlıq ilə odluq (odluqların) arasında qazın keçdiyi və ya yerləşdiyi qurğu hissələri;
1.3.14. odluğun alışma vaxtı – qazın odluğa verildiyi andan alışmaya və alovun qazyandırıcı avadanlığın bütün səthinə yayılmasına qədər keçən vaxt;
1.3.15. satıcı – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qazla işləyən qurğuların istehlakçılara topdan və (və ya) pərakəndə satışını həyata keçirən və istehlak bazarına bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının onlara şamil edilən digər texniki reqlamentlərinin tələblərinə cavab verən qurğuların çıxarılmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;
1.3.16. təhlükəsizlik avadanlığı – verilən qazın idarə olunan parametrlərinin nominal həddən kənarlaşması zamanı əsas odluğa qaz verilişinin avtomatik dayandırılmasını təmin edən avadanlıq;
1.3.17. təkrar alışdırma – qazla işləyən qurğu işləyərkən od söndükdə odluğa qaz verilməsinin dayandırılmasını və odluğun avtomatik yandırılmasını nəzərdə tutan alışdırma;
1.3.18. yanma kamerasının ventilyasiyası – odluğa qaz verilmədiyi halda qazla işləyən qurğunun yanma kamerasında və tüstü bacalarında qalan yanmamış qazın hava ilə sıxışdırılıb çıxarılması prosesi.
1.4. Bu Texniki Reqlamentdə istifadə olunan digər anlayışlar Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Tətbiq dairəsi
2.1. Bu Texniki Reqlament onun qüvvəyə minməsindən əvvəl istismar olunmayan və Azərbaycan Respublikası ərazisində istehlak bazarında dövriyyəyə buraxılan qazla işləyən qurğulara şamil edilir.
2.2. Bu Texniki Reqlamentlə əhatə olunan qazla işləyən qurğu dedikdə aşağıdakılar nəzərdə tutulur:
2.2.1. yemək hazırlama, istilik və isti su təchizatı üçün nəzərdə tutulmuş, o cümlədən, kombinəli aparatların tərkibindəki qazla işləyən qurğu;
2.2.2. avtomatik bloklu odluqlar və bu Texniki Reqlamentin 2.2.1-ci yarımbəndində göstərilmiş avtomatik bloklu odluğu olan qazla işləyən qurğu;
2.2.3. qazla işləyən qurğuya quraşdırılması üçün nəzərdə tutulan və bu Texniki Reqlamentin 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində göstərilən qurğulardan ayrı dövriyyədə olan avadanlıqlar, o cümlədən, idarəetmə, tənzimləmə və təhlükəsizlik avadanlıqları.
2.3. Bu Texniki Reqlamentin tələbləri 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qazla işləyən qurğular və avadanlıqlara şamil edilir.
2.4. Bu Texniki Reqlament aşağıdakı qazla işləyən qurğulara şamil edilmir:
2.4.1. buxar təzyiqi 0,07 MPa-dan çox olan buxar qazanları və suyun temperaturu 115 °C-dən çox olan suqızdırıcı qazanlar;
2.4.2. 1 nömrəli əlavədə verilmiş Siyahıya daxil edilmiş qazla işləyən qurğular istisna olmaqla, sənaye müəssisələrində texnoloji proseslərdə istifadə üçün nəzərdə tutulmuş qazla işləyən qurğular;
2.4.3. qazdan mühərrik yanacağı kimi istifadə edən qurğular.
2.5. Qazla işləyən qurğunu xarakterizə edən əsas məlumatlar bunlardır:
2.5.1. adı, modeli (növü) və təyinatı;
2.5.2. istifadə olunan qazın növü və nominal təzyiqi;
2.5.3. nominal istilik gücü;
2.5.4. elektrik şəbəkəsinə qoşulan qazla işləyən qurğu üçün elektrik cərəyanının gərginliyi və tezliyi.
2.6. Qazla işləyən qurğuların eyniləşdirilməsi 2.5-ci bənddə göstərilən məlumatların həmin qurğuların qablaşdırmasında, etiketləməsində və istismar sənədlərində əks etdirilmiş məlumatlarla müqayisəsi əsasında həyata keçirilir.
3. Qazla işləyən qurğuların istehlak bazarında dövriyyəsinə dair tələblər
3.1. Azərbaycan Respublikasında qazla işləyən qurğulara dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə qazla işləyən qurğular onlara tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.
3.2. Bu Texniki Reqlamentin tələblərinə uyğunluğu təsdiq edilməmiş qazla işləyən qurğular uyğunluq nişanı ilə nişanlanmamalı və istehlak bazarında dövriyyəyə buraxılmamalıdır.
4. Təhlükəsizlik tələbləri
4.1. Qazla işləyən qurğu xarici alov mənbəyindən partlama riskini istisna etməlidir.
4.2. Qazla işləyən qurğunun hazır qarışıqlı odluğu qazın istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün yanma rejimlərində partlayış riskini istisna etməlidir.
4.3. Kombinəli odluq qaz və maye yanacaqların ayrılıqda yandırılması zamanı qazla işləyən qurğunun təhlükəsizliyini təmin etməlidir.
4.4. Qazla işləyən qurğunun qaz yolunun konstruksiyası istehsalçı tərəfindən müəyyən edilmiş qazkeçirmə normasının icazə verilən maksimal həddinin aşılmasının qarşısını almalıdır.
4.5. Qaz yolunun birləşmələri hermetik olmalıdır.
4.6. Qazla işləyən qurğunun konstruksiyası odluğun alışdırma və təkrar alışdırmasından əvvəl təbii hava sorulması və ya məcburi hava vurulması hesabına yanma kamerasının ventilyasiyasını təmin etməlidir.
4.7. Yanmamış qazın təhlükəli yığılmasının qarşısının alınması üçün alışdırma və təkrar alışdırma zamanı qazla işləyən qurğunun odluğunun işəsalma gücü və alışma vaxtı, təkrar alışdırma cəhdlərinin sayı və alov sönən zaman qaz verilişinin dayandırılması müddəti məhdud olmalıdır.
4.8. Odluq özünün bütün səthi üzrə bərabər alışma ilə yanmanı təmin etməlidir.
4.9. Qapalı məkanlarda və otaqlarda istifadə üçün nəzərdə tutulmuş qazla işləyən qurğuda yanmamış qazın yığılmasının qarşısını alan avadanlıq olmalıdır. Qapalı məkanlarda yerləşdirilmiş qazla işləyən qurğunun quraşdırılma, texniki xidmət və təmiri təlimatları ilə müəyyən edilmiş məkanın havalandırılmasına dair tələblər yerinə yetirildikdə həmin qurğunun belə avadanlıq olmadan istifadəsinə icazə verilir.
4.10. Qazla işləyən qurğunun konstruksiyası ona dayaq və bitişik səthlərdə yanğın təhlükəsi yaratmamalıdır.
4.11. Qazla işləyən qurğu alovun dayanıqlığını və yanma məhsullarında karbon oksidləri və azotun icazə verilməyən konsentrasiyalarının olmamasını təmin etməlidir.
4.12. Tüstü bacasına qoşulmuş qazla işləyən qurğu yanma məhsullarının məkana təsadüfi buraxılmasının qarşısını almalıdır.
4.13. Tüstü bacasına qoşulmuş qazla işləyən qurğu yanma məhsullarının kənarlaşdırılması sistemində nasazlıqlar yarandıqda odluğa qaz verilişinin kəsilməsini təmin etməlidir.
4.14. Tüstü bacası ilə əlaqəsi olmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorucu avadanlıq ilə təchiz olunmayan, qazla işləyən isidici və suqızdırıcı qurğuların təhlükəsizlik avadanlığı havanın vəziyyətinə nəzarəti və məkanda dəm qazının konsentrasiyası icazə verilən həddən yüksək olduqda odluqlara qazın verilməsinin dayandırılmasını təmin etməlidir.
4.15. İşəsalma zamanı yaranan kondensat qazla işləyən qurğunun təhlükəsizliyinə təsir etməməlidir.
4.16. Kondensasiya rejimində işləyən qurğular istisna olmaqla, qazla işləyən qurğu qazın yandırılması zamanı kondensatın əmələ gəlməsini istisna etməlidir.
4.17. Qazla işləyən qurğunun hazırlanmasında istifadə olunan materiallar sanitariya təyinatlı qida məhsulları və ya su ilə təmasda olduqda onların keyfiyyətinin pisləşməsinə səbəb olmamalıdır.
4.18. Qazla işləyən qurğu onun istismar müddəti ərzində həmin qurğunun təhlükəsizliyini azalda biləcək dayanıqsız vəziyyətlərin, deformasiyaların, zədələnmələrin və ya aşınmaların yaranmasını istisna etməlidir.
4.19. Qazla işləyən qurğunun təhlükəsizliyinə təsir edən deformasiyaların baş verməməsi üçün təzyiq altında işləyən hissələr istismar zamanı yaranan mexaniki və temperatur təzyiqlərinə davamlı olmalıdır.
4.20. Qazla işləyən qurğunun istehsalında istifadə olunan materiallar təyinatına uyğun və həmin qurğunun istismar müddəti ərzində istilik təsirlərinə, mexaniki və kimyəvi təsirlərə davamlı olmalıdır.
4.21. İstilik ötürmə funksiyasını yerinə yetirən və ya açıq alovla qızdırılan səthlər istisna olmaqla, istifadəçinin təmasda ola biləcəyi əllə idarəetmə avadanlıqlarının səthinin və qazla işləyən qurğunun xarici səthinin qızması termik yanıqlara səbəb olmamalıdır.
4.22. İsti su təchizatı üçün nəzərdə tutulmuş qazla işləyən qurğunun konstruksiyasında istifadəçinin həmin isti su ilə termik yanıq almasının qarşısını alan avadanlıq nəzərdə tutulmalıdır.
4.23. Elektrik gərginliyindəki dalğalanmalar və ya köməkçi enerjinin xüsusiyyətlərinin dəyişməsi, həmçinin elektrik enerjisinin kəsilməsi və sonradan bərpası elektrik avadanlığı və (və ya) cihazları quraşdırılmış qazla işləyən qurğunun təhlükəsizliyini pozmamalıdır.
4.24. Elektrik şəbəkəsinə qoşulmuş qazla işləyən qurğu elektrik cərəyanı vurmasından mühafizəni təmin etməlidir.
4.25. Qazla işləyən qurğu idarəetmə avadanlıqları ilə təchiz edildiyi halda bu avadanlıqların işləməsi həmin qurğuya qoşulmuş təhlükəsizlik avadanlıqlarının funksionallığına mane olmamalıdır.
4.26. Qazla işləyən qurğu ona qoşulmuş tənzimləmə, idarəetmə və təhlükəsizlik avadanlıqlarından istənilən birinin sıradan çıxması zamanı təhlükəsizliyi təmin etməlidir.
4.27. Qazla işləyən qurğunun idarəetmə, tənzimləmə və bağlama armaturlarında istifadəçinin yanlış davranışlarının qarşısının alınması üçün işarələr və müvafiq göstərişlər olmalıdır.
4.28. Qazla işləyən qurğu istehsalçı tərəfindən quraşdırılan və tənzimlənən, habelə quraşdırıcı və ya istifadəçi tərəfindən tənzimlənməsinə ehtiyac olmayan təhlükəsizlik, idarəetmə və tənzimləmə avadanlıqları ciddi şəkildə qorunmalıdır.
4.29. İstismar sənədlərində qazla işləyən qurğunun istifadə şərtlərini məhdudlaşdıran və ya təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin görülməsi zərurəti barədə xəbərdarlıq edən məlumatlar əks etdirilməlidir.
4.30. İstismar sənədlərində olan məlumatlara dair tələblər 2 nömrəli əlavə ilə müəyyən edilmişdir.
4.31. Qazla işləyən qurğunun etiketləməsində olan məlumatlara dair tələblər 3 nömrəli əlavə ilə müəyyən edilmişdir.
5. Uyğunluğun təmin olunması
5.1. Qazla işləyən qurğuların bu Texniki Reqlamentə uyğunluğu onun tələblərinin birbaşa icrası vasitəsilə, yaxud könüllü şəkildə bu Texniki Reqlamentdə müəyyən edilmiş tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısına daxil olan standartların və (və ya) standartlaşdırma üzrə dövlət fonduna daxil edilmiş texniki şərtlərin tələblərinə riayət etməklə təmin olunur.
5.2. Tədqiqlərin (sınaqların) və ölçmələrin qayda və metodları, o cümlədən, bu Texniki Reqlamentin tələblərinin tətbiqi və istifadəsi üçün zəruri olan nümunə götürülməsi qaydaları dövlət standartları və ya texniki şərtlər ilə müəyyən edilir.
6. Uyğunluğun qiymətləndirilməsi
6.1. İstehlak bazarına dövriyyəyə buraxılmazdan əvvəl qazla işləyən qurğuların bu Texniki Reqlamentin tələblərinə uyğunluğunun qiymətləndirilməsi uyğunluğun bəyan edilməsi və ya sertifikatlaşdırma üsulu ilə həyata keçirilir.
6.2. Uyğunluq bəyannaməsi və uyğunluq sertifikatının forması, hazırlanması və təqdim edilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları” ilə müəyyən edilir.
6.3. Qazla işləyən qurğuların uyğunluğunun qiymətləndirilməsi zamanı uyğunluğun qiymətləndirilməsi sxemlərinin ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ...... nömrəli .... tarixli Qərarı ilə təsdiqlənmiş “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları” (bundan sonra – Prosedurlar) ilə müəyyən edilir.
6.4. Uyğunluğun qiymətləndirilməsi ilə bağlı sənədlərin formalaşdırılması və saxlanması Prosedurlara uyğun aparılır.
6.5. Qazla işləyən qurğuların ayrı-ayrı növləri (tipləri) üçün nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulları 1 nömrəli əlavədə göstərilmişdir.
6.6. Qazla işləyən qurğuların uyğunluğunun bəyan edilməsi Prosedurlar ilə müəyyən edilən 1b, 2b, 3b və 4b sxemlərindən biri üzrə həyata keçirilir.
6.7. Qazla işləyən qurğuların uyğunluğunun bəyan edilməsi sxeminin seçimi və bəyan edilməsi təsərrüfat subyekti tərəfindən həyata keçirilir.
6.8. Seriyalı istehsal olunan qazla işləyən qurğular 1b və 3b sxemləri üzrə bəyan edilərkən istehsalçı (istehsalçının səhaliyyətli nümayəndəsi) olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
6.9. Qazla işləyən qurğular partiyası 2b və 4b sxemləri üzrə bəyan edilərkən idxalatçı, satıcı, istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi) olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
6.10. Seriyalı istehsal olunan qazla işləyən qurğular üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti ən çoxu 3 (üç) ildir.
6.11. Qazla işləyən qurğular partiyası (mal vahidi) üçün uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti təyin edilmir.
6.12. Qazla işləyən qurğular partiyasının bu Texniki Reqlamentin tələblərinə uyğunluğu haqqında bəyannamə yalnız həmin partiyaya aid olan qurğular üçün etibarlıdır.
6.13. Uyğunluq bəyannaməsinin qüvvədə olma müddəti onun qeydə alındığı tarixdən başlayır.
6.14. Qazla işləyən qurğuların sertifikatlaşdırılması Prosedurlar ilə müəyyən edilən 1s, 3s və 4s sxemlərindən biri üzrə həyata keçirilir.
6.15. Qazla işləyən qurğuların sertifikatlaşdırılması ərizəçi ilə malın sertifikatlaşdırılmasını aparan qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
6.16. Qazla işləyən qurğular 1s sxemi ilə sertifikatlaşdırılarkən istehsalçı (istehsalçının səhaliyyətli nümayəndəsi) olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
6.17. Qazla işləyən qurğular 3s və 4s sxemləri üzrə sertifikatlaşdırılarkən idxalatçı, satıcı, istehsalçı (istehsalçının səhaliyyətli nümayəndəsi) olan hüquqi və ya fiziki şəxs ərizəçi kimi çıxış edə bilər.
6.18. Qazla işləyən qurğuların sertifikatlaşdırılması üçün müraciət (bundan sonra – müraciət) təsərrüfat subyekti tərəfindən həyata keçirilir.
6.19. Ərizəçi müraciət edəcəyi malın sertifikatlaşdırılması qurumunu özü seçir.
6.20. Seriyalı istehsal olunan qazla işləyən qurğular üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti ən çoxu 5 ildir.
6.21. Qazla işləyən qurğular partiyası (mal vahidi) üçün uyğunluq sertifikatının qüvvədə olma müddəti müəyyən edilmir.
6.22. Qazla işləyən qurğular partiyası üçün uyğunluq sertifikatı yalnız həmin partiyaya aid olan qurğu üçün etibarlıdır.
6.23. Ərizəçinin istəyi ilə, habelə, texniki reqlamentin tələblərinə uyğunluğun təsdiqinə dair ərizəçinin sübutlarının olmaması (və ya onların yetərli olmaması) səbəbindən qazla işləyən qurğular üçün uyğunluğun bəyan edilməsi bu Texniki Reqlamentdə nəzərdə tutulmuş və uyğunluq bəyannaməsi sxemlərinə ekvivalent olan sertifikatlaşdırma sxemləri üzrə sertifikatlaşdırma ilə əvəz edilə bilər.
7. Qazla işləyən qurğuların istehlak bazarında uyğunluq nişanı ilə nişanlanması
7.1. Bu Texniki Reqlamentin, habelə Azərbaycan Respublikasının ona şamil edilən digər texniki reqlamentlərinin tələblərinə cavab verən və bu Texniki reqlamentin 6-cı hissəsinə əsasən uyğunluğun qiymətləndirilməsi prosedurlarından keçən qazla işləyən qurğular Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanmalıdır.
7.3. Qazla işləyən qurğuların uyğunluq nişanı ilə nişanlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun həyata keçirilir.
7.4. Azərbaycan Respublikasının istehlak bazarında uyğunluq nişanı ilə nişanlanma qazla işləyən qurğular istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.
"Qaz yanacağı ilə işləyən qurğuların
təhlükəsizliyi haqqında” Texniki Reqlamentə
1 nömrəli əlavə
"Qaz yanacağı ilə işləyən qurğuların təhlükəsizliyi haqqında” Texniki Reqlamentin tələblərinin şamil edildiyi qazla işləyən qurğulara dair - SİYAHI
|
Növün adı (tipi) |
Uyğunluğun təsdiqlənməsi üsulu |
|
Yemək hazırlanması, istilik və isti su təchizatı üçün qazla işləyən qurğular |
|
|
Qazla işləyən məişət qızdırıcı aparatlar (su dövrəli qızdırıcı və kombinə edilmiş aparatlar, konvektorlar, kaminlər, hava qızdırıcıları, quraşdırılmış qazla işləyən hava qızdırıcıları olan kondisionerlər) |
Sertifikatlaşdırma |
|
Məişətdə yemək hazırlanması və qızdırılması üçün qurğular (ən azı bir qazla işləyən odluqları olan plitələr, bişirmə panelləri, quraşdırılan sobalar, qrillər, elektrik plitələr) |
Sertifikatlaşdırma |
|
Qazla işləyən axar tipli su qızdırıcıları |
Sertifikatlaşdırma |
|
Qazla işləyən tutumlu su qızdırıcıları |
Sertifikatlaşdırma |
|
Qazla işləyən portativ və turistik plitələr və sacayaqlar |
Uyğunluğun bəyan edilməsi |
|
Qazla işləyən məişət çıraqları |
Uyğunluğun bəyan edilməsi |
|
Qazla işləyən infraqırmızı şüalı məişət odluqları, məişət aparatları üçün qaz odluqlu qurğular |
Uyğunluğun bəyan edilməsi |
|
Qazla işləyən qızdırıcı qazanlar (100 kVt-a qədər) |
Sertifikatlaşdırma |
|
Qazla işləyən qızdırıcı qazanlar (100 kVt-dan çox) |
Sertifikatlaşdırma |
|
İctimai iaşə müəssisələri və iaşə bölmələri üçün qazla işləyən istilik avadanlığı (stasionar yemək bişirmə qazanları, mətbəx plitələri, yemək bişirmə və qızartma aparatları, çevrilən tavalar, manqallar, fritürlar, mayelərin qaynadılması və qızdırılması üçün avadanlıq, birinci və ikinci yeməklər üçün marmitlər) |
Sertifikatlaşdırma |
|
Xüsusi təyinatlı, qazla işləyən sənaye odluqları (infraqırmızı şüalanmalı "işıqlı" qızdırıcılar) |
Sertifikatlaşdırma |
|
Qazla işləyən qapalı radiasiyalı şüalandırıcılar (“işıqsız” şüalandırıcılar) |
Sertifikatlaşdırma |
|
Qazla işləyən sənaye hava qızdırıcıları (rekuperativ və qarışdırıcı), bloklu üfürmə odluqları olan hava qızdırıcıları, qazla işləyən quraşdırılmış hava qızdırıcıları olan kondisionerlər də daxil olmaqla |
Sertifikatlaşdırma |
|
Heyvandarlıq məkanları üçün qazla işləyən istilik generatorları |
Sertifikatlaşdırma |
|
Quşçuluq üçün qazla işləyən bruderlər |
Uyğunluğun bəyan edilməsi |
|
Avtomatik bloklu odluqlar |
|
|
Bloklu, qazla işləyən sənaye odluqları |
Sertifikatlaşdırma |
|
Bloklu, qazla işləyən kombinə edilmiş sənaye odluqları |
Sertifikatlaşdırma |
|
Qazla işləyən qurğulara quraşdırılmaq üçün nəzərdə tutulan avadanlıqlar |
|
|
Kənar enerji mənbəyi olmadan işləyən qaz təzyiq tənzimləyiciləri |
Sertifikatlaşdırma |
|
Qaz balonları üçün tənzimləyicilər (reduktorlar) |
Sertifikatlaşdırma |
|
Qaz odluqları va aparatları üçün avadanlıqlar və avtomatlaşdırma vasitələri (avtomatik alışdırma üçün bloklar və panellər) |
Uyğunluğun bəyan edilməsi |
|
Qaz idarəetmə və bağlayıcı-qoruyucu armatur (ayırıcı avtomatik klapanlar, təzyiq tənzimləyiciləri, termoelektrik alov nəzarət qurğuları, kranlar, mexaniki termostatlar) |
Uyğunluğun bəyan edilməsi |
|
Qaz odluqları və aparatlar üçün elastik birləşmələr |
Sertifikatlaşdırma |
"Qaz yanacağı ilə işləyən qurğuların
təhlükəsizliyi haqqında” Texniki Reqlamentə
2 nömrəli əlavə
İstismar sənədlərinə dair tələblər
1. Qazla işləyən qurğunun çatdırılma dəstlərinə qurğunun quraşdırılması, texniki xidməti, təmiri və istismarı üzrə təlimat sənədləri daxil edilməlidir. Bu sənədlər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.
2. İstismar sənədləri kağız daşıyıcılarda olmalıdır. Kağız daşıyıcılara elektron daşıyıcılarda istismar sənədləri dəsti əlavə oluna bilər.
3. Qazla işləyən qurğunun quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarda aşağıdakı məlumatlar olmalıdır:
3.1. qazla işləyən qurğunun ümumi təsviri və onun işləmə qaydası;
3.2. qazla işləyən qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;
3.3. istifadə olunan qazların növləri və nominal təzyiqləri;
3.4. qazla işləyən qurğunun bir qaz növündən digərinə keçirilməsi qaydası;
3.5. yanma prosesinin və yanma məhsullarının kənarlaşdırılmasının təmin edilməsi, habelə təhlükəli yanmamış qazların yığılmasının istisna edilməsinə şərait yaradılması üçün qazla işləyən qurğunun quraşdırıldığı məkanın havalandırılmasına dair tələblər;
3.6. quraşdırılmış qazla işləyən qurğunun istismar zamanı nəzərdə tutulmuş texniki xüsusiyyətlərinin və təhlükəsizliyinin təmin edilməsi üçün bloklu qaz odluqlarına və bu odluqların nəzərdə tutulduğu qazla işləyən qurğuya dair tələblər, ehtiyac olduğu halda isə düzgün quraşdırma və sazlanmanın təmin edilməsi üçün istehsalçı tərəfindən tövsiyə olunan kombinasiyaların siyahısı;
3.7. isidici funksiyalı qazla işləyən qurğu üçün suyun kimyəvi tərkibinə dair tələblər (suyun istilikdaşıyıcı olduğu halda);
3.8. avtomatlaşdırma sistemləri elektrik enerjisi ilə işləyən qazla işləyən qurğu üçün elektrik şəbəkəsinin nominal gərginliyi;
3.9. istismar zamanı qazla işləyən qurğuya göstərilməli olan texniki xidmətin növləri və dövriliyi;
3.10. qazla işləyən qurğunun xarakterik nasazlıqları və onların aradan qaldırılması üsulları;
3.11. tüstü bacasına qoşulmayan və yanma məhsullarının kənarlaşdırılması üçün sorulma qurğusu ilə təmin olunmayan isidici və suqızdırıcı qazla işləyən qurğunun quraşdırılmasına icazə verilən otaqda hava mübadiləsinə dair tələblər;
3.12. istehsalçının adı, ünvanı və əlaqə məlumatları;
3.13. qazla işləyən qurğunun istehsal tarixi (ay, il) və (və ya) istehsal tarixinin vurulduğu yer və istehsal ilinin necə müəyyən edilməsi haqqında məlumat.
4. Qazla işləyən qurğunun istismar təlimatı onun bütün istismar müddəti ərzində təhlükəsiz istismarı üçün zəruri olan bütün məlumatları əks etdirməli və istifadəçiyə həmin qurğunun istifadə məhdudiyyətlərinə dair məlumat verməlidir.
5. İstismar təlimatında qazla işləyən qurğunun təhlükəsiz şəkildə utilizasiyası üçün tövsiyələr olmalıdır.
6. Qazla işləyən qurğunun quraşdırılması üçün nəzərdə tutulmuş armaturlar və avadanlıqlar qazla işləyən qurğuların quraşdırılması, texniki xidməti və təmiri üzrə təlimatlarla eyni dəstdə olmalıdır.
"Qaz yanacağı ilə işləyən qurğuların
təhlükəsizliyi haqqında” Texniki Reqlamentə
3 nömrəli əlavə
Etiketlənmə və qablaşdırma tələbləri
1. İstehlak bazarında dövriyyəyə buraxılan qazla işləyən qurğuların hər biri istismar müddəti ərzində qorunub saxlanılan, baxılması üçün alətlə müdaxiləyə ehtiyac olmayan, görünən yerdə tətbiq edilmiş, aydın və asan oxunan etiketləməyə malik olmalıdır.
2. Qazla işləyən qurğunun etiketləməsində olan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində olmalıdır.
3. Etiketləmədə aşağıdakı məlumatlar olmalıdır:
3.1. istehsalçının adı və (və ya) ticarət nişanı, malın istehsal olunduğu ölkənin adı;
3.2. qazla işləyən qurğunun modeli (növü);
3.3. partiya nömrəsi və ya seriyalı istehsal olduğu;
3.4. qazla işləyən qurğunun istehsal tarixi (ay, il);
3.5. qazla işləyən qurğunun nominal istilik gücü və (və ya) nominal istilik performansı;
3.6. istifadə olunan qazın növü və nominal təzyiqi;
3.7. gərginlik, elektrik cərəyanının tezliyi və istehlak olunan elektrik enerjisi (elektrik şəbəkəsinə qoşulmuş qazla işləyən qurğular üçün).
4. Qazla işləyən qurğunun üzərində yerləşdirilən xəbərdarlıq bildirişləri istifadəçiyə aşağıdakı məlumatları verməlidir:
4.1. partlayış, yanğın, dəm qazından zəhərlənmə, zərərli termik təsirlər, elektrik cərəyanı vurması (elektrik şəbəkəsinə qoşulmuş qazla işləyən qurğular olduqda) təhlükəsi haqqında;
4.2. qazla işləyən qurğunun yaxşı havalandırılan yerlərdə quraşdırılması zərurəti haqqında (qazla işləyən qurğu yanma məhsullarını məkana buraxan olduqda).
5. Boru kəmərlərinin bütün birləşdirici dəlikləri daşıma tıxacları ilə bağlanmalıdır.
6. Qazla işləyən qurğu saxlama və daşıma zamanı qorunması təmin ediləcək şəkildə qablaşdırılmalıdır.
7. Qablaşdırma qazla işləyən qurğunun daşınması, yüklənməsi və boşaldılması zamanı rahatlığı təmin etməlidir.
8. Qablaşdırmanın çöl hissəsinə etiketləmə tətbiq edilməlidir.
9. Etiketləmə dəqiq olmalı və aydın seçilməli, qablaşdırmanın rəngi ilə kontrastlı rəngdə, silinməyən və ya su keçirməyən boya ilə tətbiq edilməlidir.
10. Qablaşdırmanın etiketləməsində aşağıdakı məlumatlar olmalıdır:
10.1. qazla işləyən qurğunun modeli (növü);
10.2. istifadə olunan qazın növü və nominal təzyiqi;
10.3. manipulyasiya nişanları;
10.4. istehsalçının adı və (və ya) əmtəə nişanı, malın istehsal olunduğu ölkənin adı.
11. Manipulyasiya nişanları qablaşdırmanın müxtəlif yerlərində təkrarlanmalıdır.
12. Konstruksiya xüsusiyyətlərinə görə etiketləmə qazla işləyən qurğuya tətbiq edilə bilmədikdə yalnız onun qablaşdırması etiketlənə bilər.