1. Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiq olunması nədir?
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir.
Ölçmə vasitələrinin tipi eyni kəmiyyətləri ölçmək üçün nəzərdə tutulmuş, eyni kəmiyyət vahidi ilə ifadə olunmuş, eyni iş prinsipinə əsaslanan, eyni konstruksiyaya malik olan və eyni texniki sənədlər üzrə hazırlanmış ölçmə vasitələrinin məcmusudur.
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən cəmiyyətin və dövlətin tələbatını təmin etmək məqsədilə sayğaclar, tərəzilər və digər ölçmə vasitələrinin istifadə edilməzdən əvvəl standartların və bu sahədə tətbiq olunan digər normativ sənədlərin tələblərinə cavab verməsini təmin edən tənzimləmə prosesidir.
Tip təsdiq edilərkən standart nümunələrin və ölçmə vasitələrinin dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Qeyd edək ki, tip 5 il müddətinə verilən sertifikatla təsdiqlənir.
2. Tipin təsdiq edilməsi zəruridirmi? Tipin təsdiqi haqqında sertifikat hansı hallarda tələb oluna bilər?
Qanunvericiliyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.15-ci bəndinə əsasən, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat idxal zamanı gömrük orqanlarına təqdim olunmalıdır.
3. Ölçmə vasitələrinin tipinin təsdiq olunması üçün müraciət hansı qaydada həyata keçirilməlidir?
Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların verilməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.
Ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün “Keyfiyyət portalı” (e-keyfiyyət.gov.az) vasitəsilə ərizə ilə müraciət edə bilərlər. Qeyd edək ki, sözügedən sertifikatların əldə olunması üçün müraciət qaydası 2024-cü il mayın 1-dən etibarən elektronlaşdırılaraq vətəndaşların xidmətinə verilmişdir.
Məlumat üçün bildirək ki, sertifikatların verilməsi Bakı KOB evində ənənəvi qaydada həyata keçirilir.
4. Sertifikatın əldə olunması üçün hansı sənədlər tələb olunur?
Qanunvericiliyin tələblərinə əsasən, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslər Dövlət Xidmətinə “Keyfiyyət portalı” (e-keyfiyyət.gov.az) vasitəsilə ərizə ilə müraciət etməlidir. Ərizədə standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları göstərilməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- standart nümunənin və ya ölçmə vasitəsinin istehsalına dair texniki şərt;
- standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
- istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);
- standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri;
- standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası.
5. Tipi təsdiq olunmuş standart nümunələr və ölçmə vasitələri barədə məlumatlar dərc olunurmu?
Qanunvericiliyin tələblərinə uyğun olaraq, tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar müvafiq Dövlət reyestrinə daxil edilir. Şəffaflıq və əlçatanlığın təmin edilməsi məqsədilə Dövlət reyestri daimi yenilənir və ictimaiyyətə açıqdır.
Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları “E-Keyfiyyət” portalının “İnformativ xidmətlər” (https://e-keyfiyyet.gov.az/informative-services) bölməsindən əldə edə bilərlər.