Maarifləndirici tədbirdə istehlakçı hüquqlarının qorunması və istehlak bazarına nəzarət, eləcə də rəqabət sahələrində fəaliyyətin təşkilinin nəzəri və praktiki əsasları diqqətə çatdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsinin tələbələri üçün açıq dərs keçirilib. Tədbirdə tələbələrlə yanaşı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak edib.
Tədbirdə açılış nitqi ilə Naxçıvan Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Seymur Cəfərov və Naxçıvan Dövlət Universitetinin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı çıxış ediblər. Ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində tələbələrin sahə üzrə elmi-praktiki biliklərinin artırılmasının, tələbələr arasında maarifləndirmə işinin təşkilinin və onların fərdi və peşəkar inkişafına dəstəyin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində ilk məruzələr Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri vəzifələrini icra edən Elşən Cəfərovun təqdimatında “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi mexanizmləri” mövzusunda olub. Tədbir iştirakçılarına istehlakçıların əsas hüquqları, bu hüquqların müdafiəsi mexanizmləri, istehlak bazarına nəzarət sahəsində fəaliyyətin təşkili, o cümlədən qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.
Daha sonra Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edərək ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqinə hədəflənən Rəqabət Məcəlləsinin hazırlanması zərurəti və üstünlükləri barədə məlumat verib. Bundan əlavə, rəqabət siyasətinin əsas prinsipləri, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə alətlərindən bəhs edilib.