Maarifləndirmə tədbirləri satınalmaların yeni qanunvericilik aktlarının tələblərinə uyğun təşkili, müvafiq sahədə aparılan təkmilləşdirmələrlə əlaqədar biznes subyektlərinin məlumatlandırılması və dövlət satınalmalarında iştirakçılıq səviyyəsinin artırılmasında faydalı olacaq.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Dövlət satınalmaları haqqında yeni Qanununun tətbiqi” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə təlim Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə Birliyə üzv olan yerli və beynəlxalq şirkətlərin nümayəndələri üçün təşkil olunub.
Tədbir satınalmaların yeni qanunvericilik aktlarının tələblərinə uyğun təşkili və bu sahədə aparılan təkmilləşdirmələrlə əlaqədar maraqlı tərəflərin və sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə keçirilib.
Tədbirin açılış nitqini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və ATİB-in sədri Mürsəl Rüstəmov ediblər. Daha sonra Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə dair təqdimatla çıxış edib.
Təlim çərçivəsində rəqabət mühitinin inkişafında dövlət satınalmalarının düzgün planlaşdırılması və səmərəli təşkilinin əhəmiyyəti vurğulanıb. Həmçinin şəffaflığın və intizamlılıq səviyyəsinin artırılması məqsədilə Qanunun yeni müddəalarından irəli gələn prosedurların icrası və təchizatçılara dair tələblər barədə ətraflı məlumat təqdim edilib. Qeyd olunub ki, dövlət vəsaitindən qənaətlə və səmərəli istifadə edilməsi rəqabətədavamlı və keyfiyyətli mal, iş və xidmətlərin əldə olunmasına zəmin yaradacaq.
Təlim zamanı həmçinin biznes mühitində əlverişliliyin artırılması və operativliyin təmin olunması istiqamətində satınalmaların tam elektronlaşdırılması mexanizmləri diqqətə çatdırılıb. Bildirilib ki, əlçatanlığın təmin edilməsinə təkan verən “etender.gov.az” portalında həyata keçirilən müsabiqələrdə sahibkarlıq subyektlərinin iştirakçılıq səviyyəsi ötən illərə nəzərən artıb.
Sonda tender komissiyası üzvlərinin təkliflərin qiymətləndirilməsində diqqət etməli olduqları meyarlar və qanunvericiliyin digər tələblərinə dair zəruri məlumatlar nəzərə çatdırılıb.