twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Keyfiyyət portalından istifadə qaydaları ilə bağlı kalibrlənmə və sınaq laboratoriyalarının nümayəndələrinə seminar keçirilib

Akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyaları üçün 2024-cü il 1 may tarixindən kalibrlənmə haqqında sertifikatların və tədqiq (sınaq) nəticələrinə dair protokolların Keyfiyyət portalında tərtib edilməsi imkanı yaradılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Keyfiyyət portalından (https://e-keyfiyyet.gov.az/) istifadə qaydaları ilə bağlı akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyalarının nümayəndələri üçün seminar keçirilib.

İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 150-dən çox kalibrlənmə və sınaq laboratoriyalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə texniki tənzimləmə,  standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi  və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin səmərəli təşkili və xidmətlərin təkmilləşdirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verilib.

Qeyd edilib ki, sözügedən sahədə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış Keyfiyyət portalı cari ilin aprelin 1-dən etibarən real rejimdə fəaliyyət göstərir. Bu ilin mayın 1-dən etibarən akkreditasiya edilmiş sınaq və kalibrlənmə laboratoriyaları kalibrlənmə haqqında sertifikatların və tədqiq (sınaq) nəticələrinə dair protokolların portal vasitəsilə yaradılması imkanını əldə ediblər.

İlkin mərhələdə portal vasitəsilə keyfiyyət infrastrukturu sahəsində aşağıda qeyd olunan sənədlərin və nişanların elektron qaydada tərtibi və qeydiyyatı nəzərdə tutulub:

  •  mallara, işlərə, xidmətlərə dair uyğunluq sertifikatlarının tərtibi;
  •  idarəetmə sistemlərinə dair uyğunluq sertifikatlarının tərtibi;
  •  ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin tərtibi;
  •  ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatlarının tərtibi;
  •  yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı;
  •  yararsızlıq haqqında bildirişlərin tərtibi;
  •  inspeksiya rəylərinin tərtibi;
  •  sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun tərtibi.

Məlumat üçün bildiririk ki, Keyfiyyət portalı Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində rəqəmsallaşmanın təşkili üçün nəzərdə tutulub. 2024-cü il mayın 1-dən etibarən ölçmə vasitələrinin ticarət dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər tərəfindən standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunmasına dair müraciətlərin də “Keyfiyyət Portalı” vasitəsilə elektron qaydada həyata keçirilməsinə başlanılıb.