twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Hesablama Palatası və Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı təlim keçirilib

Büdcədən maliyyələşən təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə yeni Qanunun tələbləri və tətbiqi ilə bağlı praktiki məsələlər izah edilib, Qanunla nəzərdə tutulan yeniliklər, onun üstünlükləri və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Hesablama Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda təlim keçirilib.

Büdcədən maliyyələşən təşkilatların nümayəndələri üçün keçirilən tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və aidiyyəti rəhbər şəxslər iştirak ediblər.

Tədbirdə “Dövlət satınalmaları haqqında” yeni Qanunun əhatə dairəsinin genişlənməsi, üstünlükləri və nəzarət mexanizmləri barədə məlumat verilib, dövlət satınalmalarının vaxtında və düzgün planlaşdırılmasına dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov maliyyə vəsaitinin effektiv istifadə olunması və vaxtında qiymətləndirilməsi baxımından “Dövlət satınalmaları haqqında” yeni Qanunun faydasını qeyd edib. Həmçinin vurğulanıb ki, yeni Qanunun tətbiqi prosesi zamanı Hesablama Palatası və Dövlət Xidməti arasında sıx əməkdaşlıq davam etdiriləcək.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında sahibkarlığın inkişafı və iqtisadi dayanıqlılığının təmin edilməsi baxımından Qanunun vacibliyini qeyd edib, nəzərdə tutulan yeni qanunvericilik islahatlarının şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri əsasında rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin edilməsində rolundan bəhs edib. Dövlət satınalmalarının elektron portal vasitəsilə həyata keçirilməsinin qərəzsiz, nəticəyönümlü və keyfiyyətli fəaliyyətin həyata keçirilməsində rolu xüsusi vurğulanıb.