Forumda Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, həmçinin rəqabət, dövlət satınalmaları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair həyata keçirilən institusional islahatlar barədə məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. B2G forumu “Caspian Energy Club” tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.
Dövlət və özəl şirkətlərdən 110-a yaxın nümayəndənin qatıldığı forumda “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində göstərilən səylərə görə Dövlət Xidmətinin nümayəndələrinə təşəkkür edib. Dövlət Xidmətinin rəisinin müavinləri Cəfər Babayev və İlqar Həsənov, Xidmətin Aparat rəhbəri Tural İsmayılov, həmçinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov forumda spiker qismində iştirak edərək iştirakçılara qurumun fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Bildirilib ki, ilin sonuna kimi qəbul olunması gözlənilən Rəqabət Məcəlləsi ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirəcək, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini daha artıracaq. Eyni zamanda, 01.01.2024-cü il tarixindən qüvvəyə minəcək “Dövlət satınalmaları haqqında” yeni Qanunun üstünlükləri, Qanunla nəzərdə tutulan yeniliklər və nəzarət mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb.
Dövlət Xidməti tərəfindən rəqəmsallaşdırılma üzrə həyata keçirilən layihələr barədə danışılarkən qeyd olunub ki, Elektron Rəqabət İnformasiya Sistemi və Keyfiyyət portallarının yaradılması, bu istiqamətdə görülən işlər rəqabət, istehlakçı hüquqları və keyfiyyət sahələrində fəaliyyətin daha da şəffaflaşdırılması və operativliyin təmin olunmasına öz töhfəsini verəcək.
İnteraktiv formatda keçirilən forumda iştirakçıların təklifləri dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd: 2002-ci ildə yaradılan “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən regional təşkilatdır. “Biznes-şəbəkələşmə” üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Klubun Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri mövcuddur.