twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə iki məsələ daxil edilib. Birinci məsələ “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.

Tahir Mirkişili Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan Rəqabət Məcəlləsi layihəsinin Milli Məclisin sədri Sahibə Qafarovanın dəstəyi ilə parlamentdə geniş ictimai dinləməsinin və müzakirəsinin  keçirilməsindən danışıb. O, Rəqabət Məcəlləsi ilə bağlı komitəyə indiyədək 60-a yaxın  təklifin daxil olmasını cəmiyyətin, o cümlədən deputatların məcəlləyə olan marağının mühüm göstəricisi kimi dəyərləndirib. Daxil olan təkliflər və onlarla bağlı aparılan işlər barədə məlumat verən komitə sədri istənilən qanunun qəbulu üçün əlverişli mühitin və icra mexanizmlərinin yetişməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, son 20 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 4 dəfə böyüyüb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəmiz 10 dəfə artıb. Təkcə son 5 ildə Azərbaycanda dövlətlə sahibkar arasında etimad mühitinin artırılması istiqamətində kifayət qədər işlər görülüb. O, deyib ki, belə bir mühitdə Rəqabət Məcəlləsinin qəbulu böyük uğur vəd edir. Milli Məclisin komitə sədri vurğulayıb ki, məcəllənin məqsədi həm də bazar iqtisadiyyatının 3 mühüm elementindən biri olan rəqabətin təmin olunması ilə iqtisadi inkişafın özəl təşəbbüslərə əsaslanan artım  modelini daha da inkişaf etdirməkdir.

İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi inkişafın sürətlənməsi və biznes mühitinin səmərəliliyinin artırılmasında azad rəqabət siyasətinin tətbiqi və antiinhisar fəaliyyəti sahəsində hüquqi çərçivələrin müəyyən edilməsinin vacibliyindən bəhs edib. O, haqsız rəqabətin aradan qaldırılması və onunla barışmaz mübarizənin aparılması ilə bağlı cənab Prezidentin hökumətin qarşısına qoyduğu tapşırıqları diqqətə çatdıraraq Rəqabət Məcəlləsinin hazırlanması prosesindən danışıb və bildirib ki, Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.

Mikayıl Cabbarov  diqqətə çatdırıb ki, məcəllə rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi  təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Vurğulanıb ki, Rəqabət Məcəlləsi bazarda hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı meyllərinin qarşısının alınmasının, kartel tipli əlaqələrin müəyyən edilməsinin, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinin, haqsız rəqabət hallarının aradan qaldırılmasının və dövlət rəqabət nəzarətinin effektiv təşkilinin hüquqi bazasını özündə ehtiva edir.

Ədalətli rəqabətin təmin olunması nəticəsində qiymətlərin azalması və məhsul çeşidinin genişlənməsi imkanlarına diqqət çəkən nazir bu prosesin təkcə dövlət və sahibkarlar üçün deyil, istehlakçılara da faydalı olacağını xüsusi vurğulayıb. O, məcəllədə ölkənin sürətli iqtisadi inkişafına xidmət edəcək tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib.

Layihənin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov və Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar məcəllədə anlayışlar sferasının genişləndirilməsi,  rəqabət orqanının və komissiyasının təşkili, səlahiyyətləri və hesabatlılığının təmin olunması, rəqabət reyestrinin yaradılması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Milli Məclisin komitə sədri Tahir Mirkişili millət vəkillərinin qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitədə həmçinin gündəliyin ikinci məsələsi olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib. Deputatlar dəqiqləşdirmə və uyğunlaşdırılması xarakterli bu qanun layihəsini də ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Mahir Abbaszadə,  Elnur Allahverdiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və digər rəsmi şəxslər iştirak ediblər.