Reklam qanunvericiliklə müəyyən edilmiş bir sıra tələblərə cavab verməlidir. Bu tələblərin pozulması öz növbəsində müvafiq məsuliyyət tədbirlərinin görülməsi üçün əsas verir. Reklam fəaliyyəti digər qanunvericilik aktları ilə yanaşı, İnzibati Xətalar Məcəlləsi ilə də tənzimlənir. Reklam qanunvericiliyinin pozulması üzrə xəta tərkibləri və inzibati məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi ilə müəyyən olunur.
Məcəllənin tələblərinə əsasən:
- Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
- Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən gizli reklama görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
- Haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün reklam fəaliyyətinin subyektlərinə (reklamvericiyə, reklam istehsalçısına və reklam yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
- Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
- Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
- Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
- Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla (rüsumsuz ticarət mağazaları istisna olmaqla) göstərilməməsinə görə fiziki şəxslər iyirmi manatdan otuz manatadək, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd etmək lazımdır ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə öz növbəsində haqsız rəqabətə yol verilməsi və qanunsuz reklam üsullarından istifadə edilməsi hallarını (buradan bax - https://urlis.net/sdvmp5dt ) aşkar etdikdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
Qiymətli kağızlar bazarında reklam qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
İstehlakçılar açıq məkanda haqsız rəqabətə yol verilməsi və qanunsuz reklam üsullarından istifadə edilməsi halları da daxil olmaqla, reklamların yayımlanması zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması faktları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif ), elektron poçt (office@competition.gov.az ) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.