twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupunun üzvü seçilib

İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin Məsləhət Qrupuna üzvlük Azərbaycan Respublikasının Şəbəkəyə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.

Azərbaycan Respublikası İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib. 2023-2024-cü illərdə fəaliyyət göstərəcək ICPEN Məsləhət Qrupuna hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir.

Məsləhət Qrupuna üzvlük Azərbaycanın Şəbəkəyə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və effektiv tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.

Təşkilata üzvlük çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İCPEN-in Məsləhət Qrupunun bu günlərdə baş tutan ilk iclasında iştirak edib.

İclasda istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas prinsiplər, tətbiq edilən mühafizə metodları, üzv dövlətlərlə əməkdaşlıq sahələri və qarşıda duran məsələlər müzakirə edilib.

Qeyd edək ki, Məsləhət Qrupunda ölkəmizlə yanaşı, ABŞ, Kanada, Kolumbiya, Peru, Portuqaliya, Böyük Britaniya, Almaniya, İrlandiya, Latviya, Niderland, Belçika, Norveç, Türkiyə, Avstraliya, Yeni Zelandiya, Zimbabve və Esvatini təmsil olunur. 

Qeyd: Azərbaycan Respublikası 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzvdür və təşkilatda İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunur.