Dövlət Xidmətinin rəisi forumda “Dövlət və Özəl müəssisələrdə İnsan Resursları İdarəçiliyi” mövzusunda çıxışı zamanı gənclərin dövlət qulluğuna cəlb olunması və bu istiqamətdə atılan addımlar barədə məlumat verib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi “İnsan Resursları Zirvəsi 2023” Forumunda iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbir zamanı “Yerin dərinliyindən beyin dərinliyinə köç” və “Köçü qarşıla” panellərində nazirlərin, dövlət və özəl qurumların rəhbərlərinin mövzu ətrafında çıxışları dinlənilib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli forumda “Dövlət və Özəl müəssisələrdə İnsan Resursları İdarəçiliyi” mövzusunda çıxışı zamanı gənclərin dövlət qulluğuna cəlb olunması və bu istiqamətdə atılan addımlar barədə məlumat verib. Bildirilib ki, Xidmətin kadr siyasəti beynəlxalq təcrübəyə uyğun və ən müasir metodların tətbiqi ilə həyata keçirilir. Qeyd olunub ki, son 2 il ərzində Dövlət Xidmətinə bütün fəaliyyət istiqamətləri üzrə təhsilini yeni bitirmiş gənclərin qəbulu təmin edilib. Həmçinin əməkdaşların şəxsi keyfiyyətlərinin, sahəvi bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mütəmadi təlim və seminarların, motivasiya tədbirlərinin təşkil edilməsi diqqətə çatdırılıb. İnsan resurslarının idarəolunmasının ən effektiv həlli kimi işin tam elektronlaşdırılması və zəruri texniki avadanlıqlarla təminatı istiqamətində atılan addımlar vurğulanıb. Bundan əlavə, dövlət və özəl müəssisələrdə əməkdaşların fəaliyyətlərinin ölçülməsi və fikirlərinin öyrənilməsi üçün qiymətləndirmələrin və ictimai sorğuların aparılmasının vacibliyi də qeyd olunub.
Ümumilikdə, tədbir zamanı insan resurslarının idarə olunması sahəsində son inkişaf və yeniliklər, innovativ, işgüzar və səmərəli təcrübələrin paylaşılması, peşəkar mühitdə təcrübə mübadiləsi məqsədilə platformanın yaradılması və digər prioritet məsələlər nəzərdən keçirilib.