ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Konfransda rəqabətin biznes sektorunun səmərəliliyi və iqtisadi artıma təsirləri barədə müzakirələr aparılıb. Konfrans çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatası arasında Əməkdaşlıq sazişi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə Dövlət Xidmətinin və digər dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan, Belarusdan olan rəsmi şəxslər qatılıblar.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli konfrans iştirakçılarına qurumun fəaliyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli rəqabət mühitinin formalaşdırılması məqsədilə “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023‒2026-cı illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Xidməti tərəfindən “Ticarət fəaliyyəti haqqında” yeni Qanun layihəsinin üzərində işlərin aparıldığı da vurğulanıb. Qeyd olunub ki, bu qanun ölkə ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektləri arasında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq, onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək.

Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Məclisin deputatları Tahir Mirkişili, Ziyad Səmədzadə, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sahibkarlığın azad və sağlam rəqabət mühitinin formalaşmasında rolundan bəhs edib, rəqabətin biznes sektorunun səmərəliliyi və iqtisadi artıma təsirləri barədə fikirlərini bölüşüblər.

Elmi konfrans çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Auditorlar Palatası arasında Əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən tərəflər auditor xidmətlərinin dövlət satınalmaları zamanı rəqabət prinsiplərinin təşviqi və bu istiqamətdə sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlayacaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər.