İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları üçün təlim keçirilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev təlimdə çıxış edərək işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri barədə məlumat verib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov dövlət satınalmalarının təşkilində səmərəliliyin təmin edilməsi mövzusunda təqdimatla çıxış edib. Təlim iştirakçılarına dövlət satınalmalarının təşkili, tender təkliflərinin qiymətləndirilməsi barədə məlumat verilib.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov keyfiyyət infrastrukturunun inkişafı, malların, iş və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi prosedurları mövzusunda çıxış edib.
Tədbirdə, həmçinin lisenziyalar və icazələr, investisiyaların təşviqi, özəl sektorun işğaldan azad edilmiş ərazilərə cəlbetmə mexanizmləri, sahibkarların maliyyə resurslarına çıxış imkanları barədə də məlumat verilib.
Təlimdə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.