Noyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Audiovizual Şuranın təşkilatçılığı ilə audiovizual media sahəsində reklam fəaliyyəti ilə bağlı maarifləndirmə seminarı keçirilib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə seminar iştirakçılarına məlumat verib, bu cür seminarların təşkili, eləcə də iki qurum arasında əməkdaşlığın televiziya və radioda reklam fəaliyyətinin tənzimlənməsinə töhfə verəcəyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov reklam fəaliyyətinin tənzimlənməsi istiqamətində iki qurum arasında birgə fəaliyyətin təşkil edilməsini yüksək qiymətləndirib, bu sahədə nəzərdə tutulan işlərdən danışıb.
Seminarda televiziya və radio yayımında reklam və sponsorluğun xüsusiyyətləri, qanunvericiliyin tələbləri, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan əlavə və dəyişikliklər, haqsız, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin reklam fəaliyyətində nəzarət istiqamətləri və digər mövzularda çıxışlar dinlənilib.
Seminar çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Audiovizual Şura arasında Birgə Fəaliyyət Planı imzalanıb.