twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Yeni Rəqabət Məcəlləsinin hansı üstünlükləri olacaq?

Yeni Rəqabət Məcəlləsinin hansı üstünlükləri olacaq? Yeni layihə biznes mühitinin inkişafına hansı töhfələr verəcək?

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov “Qafqazinfo”nun suallarını cavablandırıb.

- Çoxdan gözlənilən Rəqabət Məcəlləsinin təsdiqi gündəmdə olan əsas məsələlərdəndir. Ümumiyyətlə yeni Rəqabət Məcəlləsinin hazırlanmasını zəruri edən səbəblər nədən ibarətdir? Yeni layihə niyə bu qədər önəmlidir?

- Məlum olduğu kimi, uzun illərdir sahibkarlar Rəqabət Məcəlləsinin qəbulunu gözləyirlər. Bu gözlənti təbiidir. Yeni məcəllə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Digər tərəfdən, dünyada son dövrdə baş vermiş bir sıra hadisələrlə bağlı yaranmış qlobal iqtisadi böhran səbəbindən ticarət balansının və sağlam rəqabətin pozulması, hətta bəzi sahələrdə dünyada, demək olar ki, qıtlığın yaranması ölkənin yüksək səviyyədə iqtisadi artımını davam etdirmək qabiliyyətinə mənfi təsir göstərir. Bu baxımdan iqtisadiyyatın inkişafında özəl sektorun getdikcə daha da mühüm rolunu nəzərə alaraq yeni məcəllə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına və inkişafına töhfəsini verəcək. İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra ölkələrin qanunvericiliyindən və dünya təcrübəsindən yararlanaraq ölkənin sürətli iqtisadi inkişafına cavab verən və bazar münasibətlərinin aidiyyəti tələblərini tənzimləyən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib.

- Yeni məcəllədə sahibkarlıq fəaliyyətində dövlət nəzarəti əsasən hansı istiqamətlər üzrə həyata keçiriləcək?

- İlk olaraq, Rəqabət Orqanının funksiyaları müəyyənləşdirilib. Bundan əlavə, məcəllədə müəyyənləşdirilmiş əsas istiqamətlər olaraq azad və sağlam rəqabətin təmin olunması, rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr (birləşmələr), dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsini qeyd edə bilərik.

- Yeni qanun layihəsinin hansı üstünlükləri olacaq?

-  Əsas üstünlük odur ki, məcəllə beynəlxalq təcrübə nəzərə alınmaqla yerli bazarın tələblərinə uyğun olaraq hazırlanıb. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, yeni Rəqabət Məcəlləsinin layihəsində “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Qanunlar və digər hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar nəzərdə tutulub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları hazırlanıb. Layihənin üstün cəhətlərindən biri də odur ki, mövcud qanunvericiliklə müqayisədə yeni məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb, rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımlar atılması nəzərdə tutulub. Bütün bunlar azad sahibkarlığın inkişafı üçün çox zəruri məsələlərdir. Məcəllənin müddəalarına əsasən dövlət nəzarətinin həyata keçirilməsinə bilavasitə cavabdeh olan qurum İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Xidmətin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar hüquqi və fiziki şəxslər üçün məcburi olacaq.

- Qeyd olunanların həyata keçirilməsi ilə bağlı prosedurlar qismində nələri misal göstərə bilərsiniz?

- Misal olaraq, qanunvericiliyə zidd olan müqavilələrə xitam verilməsi və ya dəyişdirilməsi, bazarda inhisarçı mövqe tutmuş təsərrüfat subyektlərinin və maliyyə təşkilatlarının ayrılması barədə göstərişləri qeyd etmək olar. Məcəllə həmçinin rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələbləri, habelə qadağan olunmuş bir sıra üfüqi sazişləri, yəni kartel əməliyyatlarını müəyyən edəcək. Digər tərəfdən, yeni məcəllə sahibkarlıq subyektləri ilə yanaşı dövlət və yerli özünüidarəetmə orqanlarının, habelə tənzimləyici orqanların antiinhisar qanunvericiliyinə zidd olan hərəkətlərini (hərəkətsizliyini), o cümlədən belə halların qarşısının alınmasını tənzimləyəcək. Məcəlləyə əsasən, Dövlət Xidməti araşdırma və yoxlama formasında bazarlara davamlı olaraq nəzarət edə biləcək, analitik təhlilləri genişləndirəcək.

- Rəqabət qanunvericiliyinə əməl edilməsinə necə nəzarət olunacaq?

- Yeni məcəllədə rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət 2 formada həyata keçiriləcək. Bunlardan biri rəqabət orqanı tərəfindən aparılan araşdırmalar, digəri isə yoxlamalardır. Nəzarətin təşkil olunması üçün Rəqabət Orqanı bazarın monitorinqini, habelə statistik materialların, KİV məlumatlarının, bazar subyektlərinin təqdim etdiyi sənədlərin və məlumatların, həmçinin bazarın monitorinqi zamanı əldə edilmiş məlumatların təhlilini həyata keçirəcək. İşgüzar razılaşmaların əldə edilməsi prosesinin Məcəlləyə uyğunluğunun təminatı, sağlam rəqabətin irəliyə doğru inkişafını asanlaşdırmaq, maneələri aradan qaldırmaq və ya onları azaltmaq məqsədilə yoxlamalar aparılacaq. Nəzarət zamanı məlumatların əldə edilməsi, ekspert və mütəxəssislərin nəzarətə cəlb edilməsi Rəqabət Orqanının səlahiyyətlərinə aid edilib. Bundan başqa, nəzarət zamanı təkzibolunmaz sübutlar əsasında bazar subyektinin hərəkətlərinin rəqabətin məhdudlaşdırılmasına əhəmiyyətli və bərpaolunmaz təsiri məlum olan hallarda Rəqabət Orqanı tərəfindən həmin hərəkətlərin qarşısını alan təxirəsalınmaz müvəqqəti tədbir görülməsi haqqında icrası məcburi göstərişin verilməsi səlahiyyəti nəzərdə tutulub. Zərurət yarandığı təqdirdə, yaranmış problemlərin araşdırılması məqsədilə Rəqabət Orqanı tərəfindən komissiyalar yaradılacaq.