twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlakçı məhsul və ya xidmət alarkən ona hansı məlumatlar verilməlidir?

İstehlakçıların qanunla nəzərdə tutulmuş hansı hüquqları var? Məhsul və ya xidmət əldə edərkən nələri bilməliyik? İstehlakçı hüquqlarının qorunması, bu sahədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi işlər barədə Qafqazinfo.az saytının suallarını Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov cavablandırıb.

İstehlakçı məhsul və ya xidmət alarkən ona hansı məlumatlar verilməlidir?

İstehlakçıların əsas hüquqlarından biri də əldə etdikləri mal, iş və ya xidmət haqqında məlumat almaqdır. İstehlakçının məlumat almaq hüququnun təmin olunması onun seçim etmək hüququnu gerçəkləşdirməsinə şərait yaradır. İstehlakçıya əldə etdiyi malın, işin və ya xidmətin qiyməti, istehlak xassələri, mala, işə və ya xidmətə dair təminat öhdəlikləri, iddiaların irəli sürülməsi qaydası, malların saxlanılma və təhlükəsiz istifadə qaydaları, ərzaq məhsulları barəsində, həmçinin həmin məhsulların tərkibi, enerji dəyəri, sağlamlıq üçün zərərli olan maddələrin qida təhlükəsizliyi sahəsində mövcud olan texniki normativ hüquqi aktların tələbləri ilə müqayisəli miqdarı barədə zəruri və düzgün məlumat verilməlidir. İstehlakçıların məlumat almaq hüququnun təmin edilə bilməsi üçün Azərbaycan Respublikası ərazisinə idxal edilən malların istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır.

İstehlakçılar daha çox hansı hallarda narazı qalırlar? Müraciətlər daha çox nə ilə bağlıdır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin təhlili göstərir ki, istehlakçıların qiymət fərqi ilə əlaqədar şikayətləri daha çoxdur. Belə ki, bir çox hallarda ticarət obyektlərində malların üzərində qiymətlər göstərilmir və ya malın üzərində göstərilən qiymətlə nəzarət kassa aparatının fiskal yaddaşındakı qiymət arasında uyğunsuzluqlar olur. Bu da nəticədə istehlakçıların hesabda aldadılmasına gətirib çıxarır. Bəzən qiymətlər manatla deyil, xarici valyuta ilə qeyd olunur ki, nəticədə istehlakçıların mal haqqında məlumat almaq hüququ pozulmuş olur. Qanunvericiliyin tələblərinə görə, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməlidir. Malın adı, çəkisi və növü qutusunda göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir. İstehlakçıların şikayətlərinin digər böyük qismi də aldıqları mal və ya xidmətin keyfiyyəti ilə bağlıdır. İstehlakçı gözlədiyi keyfiyyətdə mal və ya xidmət əldə etmədikdə aidiyyəti dövlət orqanlarına müraciət edir.

Qiymət intizamının pozulması və istehlakçıya mallar (işlər, xidmətlər) barədə zəruri məlumatların verilməməsinə görə hər hansı cərimə varmı? Mal və ya xidmət barədə yalan və ya təhrif edilən məlumat verənlər hansı məsuliyyəti daşıyırlar?

İnzibati Xətalar Məcəlləsinə əsasən, qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər (sahibkar) səkkiz yüz manatdan min manatadək məbləğdə, ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək cərimə edilir. İstehlakçıya qanunvericilikdə qeyd edilən məlumatların verilməməsinə görə də İnzibati Xətalar Məcəlləsində iki yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur.

Cari ildə istehlakçıların məlumat almaq hüququnun pozulması ilə bağlı Dövlət Xidmətinə nə qədər müraciət olub?

Cari ildə Dövlət Xidmətinə məlumat almaq hüququnun pozulması ilə bağlı ümumilikdə 152 müraciət daxil olub. Onlardan 87-si ticarət obyektlərində qiymət intizamının pozulması və istehlakçıların hesabda aldadılması ilə bağlı olub. Müraciətlərin araşdırılması zamanı hesabda aldatma halları ilə bağlı təqdim olunmuş sübutlara əsasən Dövlət Xidməti tərəfindən 3 fiziki və 5 hüquqi şəxs barəsində, qiymətin manatla göstərilməməsinə görə isə 1 hüquqi şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.