Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan qida məhsulları bazarında daimi əsasda monitorinqlər və təhlillər aparılır. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq üçün düyü məhsullarının idxalı və satışı üzrə bazarın 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki olan – "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC və "Azərsun Holding" Şirkətlər Qrupuna daxil olan "Sun Food" MMC barəsində araşdırma başlanılıb.
Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən iqtisadi nəzəriyyə çərçivəsində və empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluqlar əsasında formalaşdığı və antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.