twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində mətbuat konfransı keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransı keçirib. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən il ərzində görülən işlər və həyata keçiriləcək tədbirlər barədə mətbuat nümayəndələrini məlumatlandırıb.

İlk olaraq ədalətli rəqabət mühitinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilərək  bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə Rəqabət Məcəlləsinin qəbul edilməsinin qarşıda duran əsas hədəf olduğu vurğulanıb və hazırda bu istiqamətdə işlərin davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə 22 işə baxılıb. İcbari tibbi sığorta və çatdırılma xidmətləri, alkoqolsuz içkilər, sement, süd məhsulları və s. bazarlarda haqsız rəqabət və hökmran mövqedən sui-istifadə halları ilə əlaqədar bazar subyektləri barəsində qanunauyğun tədbirlər görülüb. Təbii inhisarlar sahəsində həyata keçirilən işlərdən danışan Xidmət rəisi qeyd edib ki, 2021-ci ildə bu subyektlərin xidmətlərindən istifadə edən istehlakçı və sahibkarların müraciətləri təhlil olunub. Belə ki, çoxmənzilli binalarda sayğacların istehlakçının vəsaiti hesabına quraşdırılması ilə əlaqədar "Azərişıq" ASC və "Azərsu" ASC barəsində iş qaldırılıb və sayğacların təchizatçının vəsaiti hesabına quraşdırılmasına dair göstərişlər verilib. Bununla yanaşı, "Azərbaycan Hava Yolları" QSC, "Azəriqaz" ASC və s. təbii inhisar subyektlərinin qanunvericiliyə uyğun olmayan hərəkətləri araşdırılıb.

Dövlət satınalmalarına nəzarət sahəsi barədə məlumat verən M.Abbasbəyli dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması məqsədilə "Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsinin hazırlandığını bildirib. Qeyd edib ki, ötən il dövlət satınalmalarına dair qanunvericilikdə edilən dəyişikliklərə əsasən kotirovka sorğusu proseduru tam elektronlaşdırılıb, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə həyata keçirilən elektron satınalmalarda iştirak haqqı azaldılıb. Vurğulanıb ki, dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 95%-ə çatıb ki,   bu, daha bir müsbət haldır. Eyni zamanda, ötən il ərzində etender.gov.az portalının işi təkmilləşdirilib, portala inteqrasiya edilməli olan dövlət orqanlarının siyahısı müəyyənləşdirilib.

İl ərzində Dövlət Xidmətinə daxil olan 12,347 yekun protokoldan 1086-sında  qanunvericiliyin tələblərinin pozulması hallarının aşkarlandığını qeyd edən Xidmət rəisi gələcəkdə bu cür hallara daha ciddi hüquqi qiymətin verilməsi və ictimailəşməsi üçün müvafiq tədbirlərin görülənəcəyini bildirib.

Tədbirdə 2021-ci il ərzində keyfiyyət infrastrukturu üzrə görülən işlər haqqında məlumat verilərək bildirilib ki, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, qanunvericiliyin təhlili və sahəvi çətinliklərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılıb, beynəlxalq qurumlarla dayanıqlı əlaqələrin qurulması üçün zəruri tədbirlər görülüb. 

KİV nümayəndələrinə məlumat verilib ki, ötən il istehlakçılarla aparılan maarifləndirmə işləri istehlakçı fəallığına səbəb olub. Daxil olan 5177 müraciətə baxılması nəticəsində istehlakçılara 349.533 manat vəsait qaytarılıb, 43.188 manat dəyərində ziyan ödənilib. Qeyd edilib ki, istehlakçıların və peşəkar hüquqşünasların istehlakçı hüquqlarına dair məlumatlı olmaları üçün Xidmət mütəmadi təlimlər təşkil edir geniş maarifləndirmə işləri aparır.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.