Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bu cür təlimlərin əhəmiyyətindən danışaraq Dövlət Xidmətinin mediatorların peşəkarlığının artırılması istiqamətində Mediasiya Şurası ilə əməkdaşlığının inkişaf etdirilməsinin önəmini vurğulayıb. Qeyd edilib ki, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri keyfiyyət infrastrukturunun qurulmasından başlayaraq istehlak bazarında sağlam rəqabətin qorunmasınadək geniş spektri əhatə etməklə nəticədə istehlakçı məmnuniyyətinin təmin edilməsinə yönəlib. Sahib Məmmədov Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətiz və insan sağlamlığı üçün təhlükəli qeyri-ərzaq mallarından qorunması istiqamətində həyata keçirilən müxtəlif nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, 2021-ci ilin 11 ayı ərzində istehlakçı hüquqlarının pozulması ilə bağlı Dövlət Xidmətinə 4500-ə yaxın müraciət daxil olub. Bu müddət ərzində müraciətlərin müsbət həlli nəticəsində istehlakçıların 330.000 manatdan artıq məbləğində tələbləri təmin edilib.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək mediatorlar üçün təlimlərin vacibliyini vurğulayıb. Qeyd edib ki, savadlı mediatorların hazırlanmasında əsas məqsəd məhkəmələrin iş yükünün azaldılmasıdır. Bu günədək Ədliyyə Akademiyası tərəfindən 420 nəfər distant formada mediatorların ilkin hazırlıq kursuna cəlb edilib. Təlimləri uğurla başa vuran 354 nəfərə sertifikat təqdim edilib.
Tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Şuranın fəaliyyəti və yeniliklər barədə danışıb. Məlumat verib ki, bu günədək Şuraya ailə, kommersiya və əmək mübahisələrinə dair 9552 müraciət qəbul edilərək mediatorlar arasında bölünüb. Nadir Adilov əlavə edib ki, növbəti ildən istehlakçıların mübahisəli məsələlərinə dair statistika ümumi kommersiya məsələlərin tərkibində deyil, ayrıca kateqoriya olaraq aparılacaq.
Sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb
Qeyd edək ki, mediatorların bilik və bacarıqlarının artırılmasına yönələn və bir həftə ərzində davam edəcək təlimlərdə istehlakçıların hüquqlarının müdafiəsi, təbii inhisarlar, istehlak bazarına nəzarət, keyfiyyət infrastrukturunun əsas prinsipləri barədə Dövlət Xidmətinin sahə mütəxəssisləri tərəfindən təlim iştirakçılarına ətraflı məlumat veriləcək.