İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin laboratoriyalarına media-tur təşkil olunub.
KİV nümayəndələri öncə AzMİ-nin Kalibrləmə laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, İnstitutun əsas fəaliyyət istiqamətləri dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması, saxlanılması və ötürülməsinin təmin edilməsidir. Qeyd olunub ki, laboratoriyada 40-dan çox dövlət kəmiyyət vahidi etalonları saxlanılır. Bu etalonlar temperatur, kütlə, elektrik, vaxt və tezlik, təzyiq, ionlaşdırıcı şüalanma, sıxlıq və özlülük kəmiyyətləri dövlət etalonları laboratoriyalarında tətbiq olunurlar. Bildirilib ki, cari il ərzində AzMİ tərəfindən 3217 təsərrüfat subyektinə xidmət göstərilib. 1.652.000-dən çox ölçmə vasitələri və sınaq avadanlıqları yoxlanılıb, 528 ədəd dövlət kəmiyyət və kəmiyyət vahidləri etalonları kalibrlənib, daxil olan müraciətlər əsasında 223 ölçmə vasitəsinin tipi təsdiq olunaraq dövlət reyestrində qeydiyyata alınıb, 43 nəfər ixtisasartırma kurslarını bitirərək müvafiq sertifikatlarla təmin olunublar. Bildirilib ki, AzMİ Ölçülər və Çəkilər üzrə Baş Konfrasına (CİPM) assosativ üzv və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına (OIML) müxbir üzv qismində Azərbaycanı beynəlxalq qurumlarda təmsil edir. Hazırda Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (KOOMET) həqiqi üzvüdür. Bu əməkdaşlığın nəticəsində AzMİ-yə İSO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğuluğunu təsdiq edən QSF-R53 nömrəli “Tanınma haqqında şəhadətnamə” verilib.
Sonra KİV nümayəndələri "Azərbaycan Standartlaşdırma İnstitutu "publik hüquqi şəxsin nəzdində olan Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında olublar. Media təmsilçilərinə məlumat verilib ki, 2012-ci ildən fəaliyyət göstərən laboratoriya ən yeni texnologiya ilə istehsal edilən və beynəlxalq standartlara cavab verən 40-dan çox avadanlıq və ölçmə vasitələri ilə təchiz olunub. Sınaq laboratoriyasında normativ sənədlərə əsaslanaraq neft-qaz və neft-kimya məhsullarının (xam neft, təbii qaz, dizel yanacağı, kerosin yanacağı, benzin yanacağı, mühərrik yağları, sürtkü yağları, antifrizlər, lay suları, tullantı suları, yod, boya, emulsiyalar, yağ əsaslı laklar, tinerlər, yuyucu və ağardıcı vasitələr, sabunlar, şampunlar, dezinfeksiyaedici vasitələr, naftalan yağları) fiziki-kimyəvi parametrləri analiz olunur.
Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında media nümayəndələri qarşısında 16 sınaq keçirilib. Bunlar benzin yanacaqlarında oktan ədədinin, dizel yanacağında setan ədədinin, benzin və dizel yanacaqlarında sıxlığın təyini, dizel yanacağında donma və alışma temperaturunun təyini, yuyucu vasitələrdə aktiv maddələrin təyini kimi bir sıra sınaqlardır.
Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.