Tədbirdə rəqabət qanunvericiliyinin tələbləri və tətbiqi mexanizmləri barədə məlumat verilib, sahibkarlıq subyektlərinin müvafiq sahədə hüquq və vəzifələri izah olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin dəstəyi ilə sahibkarlıq subyektləri üçün maarifləndirici tədbir keçirilib. "Rəqabət Məcəlləsinin tətbiqi və rəqabət qanunvericiliyinə riayət olunması" mövzusunda keçirilən görüşdə Muxtar Respublikada fəaliyyət göstərən təbii inhisar subyektlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 200-ə yaxın sahibkarlıq subyektinin təmsilçiləri iştirak edib.
Maarifləndirici görüş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının icrası çərçivəsində keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd bazar münasibətlərinin inkişafı və genişlənməsi şəraitində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən təsərrüfat subyektlərinin Rəqabət Məcəlləsi barədə məlumatlılığını artırmaq, Məcəllənin tətbiqi xüsusiyyətlərini izah etmək, eləcə də rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasının əhəmiyyətini diqqətə çatdırmaq olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və aqrar məsələlər şöbəsinin müdir müavini Yaqub Məmmədov giriş nitqi ilə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı təqdimatla çıxış edib.
Təqdimat zamanı iştirakçılara Rəqabət Məcəlləsinin müddəaları və tələbləri, bazarda sağlam və ədalətli rəqabət mühitinin təmin olunması mexanizmləri, habelə müvafiq sahədə sahibkarların və təbii inhisar subyektlərinin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Eyni zamanda, qanunvericiliyin düzgün tətbiqinin bazar münasibətlərinin inkişafında, rəqabət mədəniyyətinin təşviqində və istehlakçıların hüquqlarının qorunmasında rolu vurğulanıb.
İnteraktiv müzakirə formatında davam edən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəqabət qanunvericiliyinin praktiki tətbiqi ilə bağlı izahlar verilib.















