Anlaşma Memorandumu elmi-texniki əməkdaşlığın genişləndirilməsinə, birgə tədqiqat layihələrinin icrasına və ölçmə imkanlarının beynəlxalq sahədə tanınmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Niderland Krallığının Milli Metrologiya İnstitutu (Van Swinden Laboratorium - VSL) arasında elmi və texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu AzMİ-nin baş direktoru Xamis Seyranov və VSL-in baş icraçı direktoru Fabienne van Booma tərəfindən imzalanıb.
Memorandumda birgə elmi tədqiqatların aparılması, elmi-texniki məlumat və təcrübə mübadiləsi, etalonların inkişafı və təkmilləşdirilməsi, kalibrləmə və sınaq fəaliyyətlərində qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də seminar və təlimlər vasitəsilə kadr potensialının artırılması nəzərdə tutulur.
Bundan əlavə, sənəddə ölçmə nəticələrinin etibarlılığının artırılması məqsədilə laboratoriyalararası tutuşdurmalarda iştirak, habelə laboratoriyalarda beynəlxalq keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi istiqamətində birgə fəaliyyətlər öz əksini tapıb.
