“Yüksəliş" müsabiqəsinin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq etməklə, təcrübə keçir. Hazırda mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına başlayıb. İqtisadiyyat naziri ölkədə istedadlı kadr ehtiyatı bankının yaradılması, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyən edilməsi və dəstəklənməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini bildirib. Qeyd edilib ki, idarəçi rəhbərlərlə qaliblər arasında keçirilən mentorluq proqramı qaliblərin mövcud potensialının inkişafına, peşəkarlıq vərdişlərinin, bilik və bacarıqlarının artırılmasına xidmət edir. Nazir proqram çərçivəsində gediləcək birgə yolun, əldə ediləcək nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini vurğulayıb.
Ziya Mürsəlzadə birlikdə həyata keçiriləcək proqramın, idarəçi rəhbərlərlə ünsiyyətin özünün fərdi inkişafına mühüm töhfə verəcəyini vurğulayıb, nazirə təşəkkürünü ifadə edib.