İclasda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud yanaşmalar, əsas çağırışlar və birgə fəaliyyət imkanlarından bəhs edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində Agentliyin nümayəndələri Yusif Tapdıqlı və Şahin Nağıyev Türkiyənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin təşkilatçılığı ilə Ankara şəhərində keçirilən İstehlakçı Şurasının 30-cu iclasında iştirak ediblər.
Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı tədbirdə çıxış edərək Azərbaycan və Türkiyə arasında mövcud tərəfdaşlıq münasibətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını, aidiyyəti qurumlar arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və müasir mexanizmlərin öyrənilməsinin isə bu əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib.
Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın təcrübəsi, ölkəmizdə müvafiq sahədə mövcud olan hüquqi mexanizmlər, müraciətlərin araşdırılması, eləcə də istehlakçıların maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.



