Maarifləndirici görüşdə “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əks olunmuş təhlükəsizlik tələbləri, eləcə də uyğunluğun qiymətləndirilməsi prosedurları ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”lə əhatə olunan qurğu və avadanlıqlara dair uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin tərtib edilməsi zamanı sınaqları həyata keçirəcək laboratoriyaların nümayəndələri üçün maarifləndirici görüş keçirilib.
Görüşdə Agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev texniki tənzimləmə sisteminin formalaşdırılması istiqamətində Agentlik tərəfindən görülmüş işlər, eləcə də sistemin tətbiq mexanizmlərinə dair yenilikləri diqqətə çatdırıb.
Bundan əlavə, tədbir iştirakçılarına “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”in tətbiqi, təhlükəsizlik tələbləri və uyğunluğun qiymətləndirilməsi prosedurları barədə ətraflı məlumat təqdim olunub.
Tədbir interaktiv müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.











