“Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu məqsədlə Agentliyin Salyan şəhərində yerləşən 5 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Salyan, Neftçala) istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.
30-dan çox istehlakçının qatıldığı tədbirdə əvvəlcə Agentliyin fəaliyyət istiqamətlərinə aid videoçarx nümayiş etdirilib. Daha sonra istehlakçı hüquqları və bu sahəni tənzimləyən əsas qanunvericilik aktları barədə ətraflı məlumat verilib, təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin tələbləri izah edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları və məhkəmələrin bu sahədə rolu barədə geniş məlumat verilib.







