Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Haqsız rəqabət

1. Haqsız rəqabət nədir?

Haqsız rəqabət müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətləridir

2. Hansı fəaliyyətlər haqsız rəqabətə səbəb olur?

Müştərilərə qarşı aqressiv davranış:

  • Sahibkarlıq fəaliyyətində təhdid, zor və ya digər qanunsuz təsir vasitələrinin tətbiqi ilə müştərilərin seçim hüququnun məhdudlaşdırılmasına və bununla da onların normal bazar şəraitində qəbul edəcəyi qərarlardan fərqli qərar qəbul etməsinə səbəb olan hərəkətlər.

Rəqib təsərrüfat subyektinin nüfuzdan salınması:

  • Rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi);
  • Rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə əsassız çağırışların edilməsi (boykot edilməsi).

Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi:

  • Məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;
  • Rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
  • Rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;
  • Rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
  • Rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.

Müştərilərin çaşdırılması və aldadılması:

  • Məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması;
  • Məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
  • Müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması;
  • Məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi;
  • Məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.

Kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və yayılması:

  • Azərbaycan Respublikasının normativ hüquqi aktları və ya rəqiblə bağlanılan kommersiya sirrinə dair münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla, şəxsi maraq və ya üçüncü tərəflərin marağı üçün rəqibin maraqlarına ziyan vura və ya onun bazardakı rəqabət vəziyyətinə xələl gətirə bilən onun istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı məlumatların, habelə qanunla və ya müqavilə ilə kommersiya sirrinə aid edilən digər məlumatların qanunsuz əldə edilməsi, istifadə olunmasına və ya yayılması.

Haqsız rəqabətə səbəb olan digər hərəkətlər:

  • Azərbaycan Respublikasının ərazisində qorunan əmtəə nişanları ilə təchiz edilmiş məhsulun bazar payının və ya süni yolla artırılmış qiymətlərinin saxlanılması məqsədilə həmin əmtəə nişanının sahibi olan təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeydiyyata alınmış eyni və ya oxşar əmtəə nişanı ilə təchiz edilmiş məhsulun rəqib təsərrüfat subyektləri tərəfindən idxalının məhdudlaşdırılması;
  • Rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi;
  • Öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək və ya rəqibə digər formada zərər vurmaq məqsədilə rəqibin işçilərinə qanunsuz vasitələrlə təsir göstərilməsi;
  • Rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
  • Haqsız rəqabət formaları ilə qadağan edilmiş hərəkətlərin (hərəkətsizliyin) digər şəxslər tərəfindən törədilməsi məqsədilə ödənişlərin sifariş və ya təşkil edilməsi.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin haqsız rəqabət sahəsində fəaliyyəti nədən ibarətdir?

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması məqsədilə tədbirlər görür, o cümlədən:

  • Sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması ilə bağlı işlərə baxır;
  • Bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının aşkarlanması və aradan qaldırılması ilə bağlı fəaliyyəti həyata keçirir;
  • Qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.

4. Haqsız rəqabət halları ilə bağlı Agentliyə kimlər müraciət edə bilər?

  • Hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektləri
  • İcra hakimiyyətləri və idarəetmə orqanları
  • İctimai təşkilatlar və digər qeyri-kommersiya təşkilatları
  • Publik hüquqi şəxslər

Qeyd edək ki, Agentlik rəqabət qanunvericiliyin pozulması haqqında işlərə öz təşəbbüsü, həmçinin müvafiq dövlət orqanlarının materialları və dövri mətbuatın məlumatları əsasında da baxa bilər.

5. Agentliyə müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?

Haqsız rəqabət halları ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar:

Agentliyə yazılı müraciət edərkən aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

  • Ərizə - ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar əks olunmalı, haqsız rəqabətə yolvermə faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir.
  • Rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya yaxud notariat qaydasında təsdiq edilmiş surətləri təqdim edilməlidir.

Qeyd: Xarici dildə tərtib edilmiş sənədlər onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir.

6. Haqsız rəqabətə yol vermiş sahibkarlıq subyektlərinin məsuliyyəti nədən ibarətdir?

Haqsız rəqabət formalarından istifadəyə yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin yol verdiyi pozuntu hallarına uyğun olaraq müəyyən faizinə qədər maliyyə sanksiyası tətbiq olunur.

Həmin pozuntu hallarına görə təsərrüfat subyektlərinə tətbiq olunan maliyyə sanksiyaları bunlardır:

  • Müştərilərə qarşı aqressiv davranış, rəqib təsərrüfat subyektinin nüfuzdan salınması, müştərilərin çaşdırılması və aldadılması, kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadəsi və ya yayılması, haqsız rəqabətə səbəb olan digər hərəkət hallarında - 5 faizinə qədər həcmində maliyyə sanksiyası;
  • Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi hallarında - 10 faizinə qədər maliyyə sanksiyası;
  • Haqsız rəqabətə təkrar və ya davamlı olaraq yol verilməsi hallarında – 10 faizinə qədər maliyyə sanksiyası;
  • Haqsız rəqabət formalarından qanunsuz istifadənin aradan qaldırılması ilə bağlı rəqabət orqanının qərar və göstərişlərinin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi hallarında – 10 faizinə qədər
  • Rəqabət orqanına natamam, yanlış və ya saxta sənəd və məlumatların təqdim edilməsi və ya həmin sənəd və məlumatların gecikdirilməklə təqdim edilməsi, yaxud təqdim edilməməsi, eləcə də rəqabət orqanının öz vəzifələrinin, qərarlarının və göstərişlərinin icrasına maneçilik törədilməsi hallarında – 3 faizinə qədər maliyyə sanksiyası tətbiq olunur.