1. Satınalma nədir?
Satınalma dedikdə mallar, işlər və ya xidmətlərin (satınalma predmetinin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına əldə edilməsi nəzərdə tutulur.
2. Satınalan təşkilat kimdir?
Satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri) satınalan təşkilat hesab olunur.
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu hansı satınalmalara şamil edilir?
Aşağıdakı hallar istisna olmaqla satınalan təşkilatlar tərəfindən keçirilən bütün satınalmalara şamil edilir:
- yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər;
- kreditlərin alınması;
- qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlər;
- “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
- notariuslar tərəfindən aparılan notariat hərəkətləri;
- büdcədənkənar dövlət fondlarının vəsaitlərinin investisiyaya yönəldilməsi (yerləşdirilməsi), habelə investisiya məqsədli aktivlərin alınması, satılması, dəyişdirilməsi, saxlanılması, yerləşdirilməsi və (və ya) idarə edilməsi ilə bağlı xidmətlər;
- “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 65-1-ci maddəsində nəzərdə tutulmuş mallar, işlər və ya xidmətlər;
- müşahidə şurasının (direktorlar şurasının) tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən və ya Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər;
- müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları üçün alınan mallar, işlər və ya xidmətlər.
Habelə:
- Beynəlxalq təşkilatların verdiyi vəsaitlər hesabına satınalmalar bu təşkilatlarla bağlanılan müqavilədə ayrı qayda nəzərdə tutulduğu halda həmin müqavilədə razılaşdırılmış qaydada həyata keçirilir.
- Satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 may yanvar tarixli 257 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
- Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 yanvar tarixli 4 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada birbaşa hakimlərin bank hesabına köçürülür.
- Qanunun müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilmir və bu sahədə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
- Lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan müqavilə əsasında idarəetməyə verilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində idarəetmə müqaviləsində müəyyən olunan qaydada həyata keçirilir.
- Qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 000 (on min) manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 000 (iyirmi min) manatadək) olan satınalmalara şamil edilmir.
4. Dövlət satınalmalarına nəzarəti kim həyata keçirir və onun hansı səlahiyyətləri var?
Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir və onun aşağıdakı səlahiyyətləri vardır:
- satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək;
- satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək;
- satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək;
- satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək;
- satınalma predmetinin həcminin (miqdarının) 10 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək;
- Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək;
- satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək;
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək.
5. Keçirilən və keçirilmiş dövlət satınalmaları ilə bağlı haradan məlumat əldə etmək olar?
Qanunun şamil edildiyi satınalmaların keçirilməsi barədə elanlar və həmin satınalmaların nəticələri, o cümlədən bağlanmış müqavilələrə dair məlumatları dövlət satınalmalarının vahid internet portalından (etender.gov.az) əldə etmək olar.
6. Sahibkarlar dövlət satınalmalarında necə və hansı şərtlərlə iştirak edə bilərlər?
Sahibkarlar Qanunda və əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və şərtlərə uyğun olaraq dövlət satınalmalarında iştirak edə bilərlər.
7. Satınalma prosesindən və ya nəticəsindən narazı qaldıqda nə edilməlidir?
Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə təchizatçıların satınalan təşkilatın hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından inzibati qaydada, nəzarət orqanına (Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə) və məhkəməyə şikayət vermək hüququ vardır.
Satınalma prosesindən və ya nəticəsindən narazı qalmış - kənarlaşdırılmamış, kənarlaşdırılmış və ya iştirak etməyən təchizatçının aşağıdakı qaydada şikayət etmək hüququ vardır:
Satınalmadan kənarlaşdırılmamış təchizatçılar satınalan təşkilata satınalmanın nəticələri ilə bağlı öz şikayətlərini gözləmə müddətində verirlər. Satınalan təşkilat gözləmə müddətində verilmiş şikayəti 5 (beş) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir.
Kənarlaşdırılmış və ya iştirak etməyən təchizatçılar satınalma müqaviləsi qüvvəyə minənə qədər öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 15 (on beş) iş günü ərzində satınalan təşkilata şikayət verə bilərlər. Satınalan təşkilat verilmiş şikayəti 10 (on) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir və həmin qərarın qəbul edildiyi gündən 1 (bir) iş günü ərzində şikayət edən təchizatçıya göndərir.
Satınalan təşkilat göstərilən müddətlər ərzində qərar qəbul etmirsə, təchizatçı bununla bağlı nəzarət orqanına və məhkəməyə şikayət verə bilər. Belə şikayət verildikdən sonra satınalan təşkilat tərəfindən həmin şikayət baxılmamış saxlanılır.
Satınalma müqaviləsi qüvvəyə mindikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 36.1.2-ci, 36.1.5-ci və 54.4-cü maddələrində göstərilən hallarda və verilmiş şikayətlə bağlı satınalan təşkilatın qərarı ilə razılaşmadığı halda təchizatçılar öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, habelə satınalan təşkilatın verilmiş şikayətlə bağlı qəbul etdiyi qərarı aldığı gündən və ya həmin qərarın verilməli olduğu gündən 15 (on beş) iş günü ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yazılı olaraq Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84 ünvanına məktub və ya office@competition.gov.az-a elektron müraciət göndərməklə şikayət verə bilərlər. Dövlət Agentliyi şikayəti aldıqdan sonra 1 (bir) iş günü ərzində bu barədə satınalan təşkilata portal vasitəsilə bildiriş göndərir. Şikayətdə qaldırılan məsələlərin araşdırılması üçün əlavə məlumat tələb olunduğu təqdirdə nəzarət orqanı satınalan təşkilata portal vasitəsilə sorğu göndərir. Satınalan təşkilat sorğunu aldıqdan sonra 3 (üç) iş günü ərzində sorğuda tələb olunan məlumatları Dövlət Agentliyinə təqdim edir. Dövlət Agentliyi verilmiş şikayəti 20 (iyirmi) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir.
Təchizatçılar həmçinin Dövlət Agentliyinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.
Həmçinin satınalma komissiyası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanundan irəli gələn normativ hüquqi aktların tələblərini pozduqda, təchizatçılar Dövlət Agentliyinə müraciət edə bilərlər. Dövlət Agentliyi satınalmanın təşkili və keçirilməsi zamanı normativ hüquqi aktların pozulmasını təsdiqləyərsə, satınalmanın nəticələri ləğv olunur və satınalan təşkilat həmin hal üzrə yeni satınalma keçirir.
Qanunvericiliklə bağlı yaranmış suallarla əlaqədar “etender.gov.az” saytının “Tez-tez verilən suallar” bölməsi ilə tanış ola və cavabını tapmadığınız digər suallar ilə bağlı 599-76-00/82/83 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Dövlət satınalmalarının vahid internet portalında yaranmış texniki suallarla bağlı (+99412) 310 86 67 nömrəsi ilə əlaqə saxlaya, habelə office@competition.gov.az elektron poçt, etender.gov.az portalının “Bizimlə əlaqə” bölməsi vasitəsilə, həmçinin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küç., 84 ünvanına məktub göndərməklə müraciətlərinizi ünvanlaya bilərsiniz.
Digər hallarla bağlı birbaşa satınalan təşkilatla əlaqə saxlamağınız tövsiyə olunur.