twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Müstəqil Dövlətlər Birliyi (MDB)

Təşkilat haqqında ümumi məlumat.

MDB Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilmişdir. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Almatı Bəyannaməsini imzaladılar. Bəyannamə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılmasını qeyd edir, həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatmışdır.

Azərbaycan ilə əməkdaşlıq

Azərbaycan Respublikası tərəfindən bütün MDB ölkələri (Ermənistandan başqa) ilə azad ticarət rejimi yaradılmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. Azərbaycan barədə müvafiq məlumatlar mütəmadi olaraq “MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal”a daxil edilir. Ölkənin ticarət siyasəti barədə icmalları mütəmadi olaraq hazırlanır, son icmal 2020-ci ildə hazırlanaraq MDB-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın vəziyyətinə dair icmal 2019-cu ilin aprel ayında İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq MDB İcraiyyə Komitəsinə göndərilmişdir.

Ölkədə həyata keçirilən bazar iqtisadiyyatının formalaşdırılmasına yönəlmiş islahatlara başlandıqdan sonra antiinhisar siyasətinin iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi və islahatlar çərçivəsində antiinhisar orqanının təsis edilməsi və müvafiq qanunvericiliyin yaradılması, iqtisadiyyatın liberallaşdırılması və inhisarsızlaşdırılması, restrukturizasiyası və dövlət mülkiyyətinin özəlləşdirilməsi istiqamətində həyata keçirilən fundamental dəyişikliklər azad sahibkarlığa və sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. Bu çərçivədə AİBNDX MDB İcraiyyə Komitəsi, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın Katibliyi ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Qeyd edək ki, 2015-ci il iyunun 21-22-də Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçirilib.

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura Müstəqil Dövlətlər Birliyinin (MDB) standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində siyasəti həyata keçirən hökumətlərarası təşkilatıdır. Dövlətlərarası Şuranın əsas işçi orqanı ekspert qrupundan ibarət Standartlar üzrə Büro və Regional Məlumat Mərkəzidir. Dövlətlərarası Şura Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən standartlaşdırma üzrə regional təşkilat kimi tanınmışdır (ISO Şurasının Qərarı 26/1996).

Ölkəmiz müstəqillik qazandığı müddətdən Dövlətlərarası Şura ilə əməkdaşlığına uyğun olaraq rəhbər şəxslərin illik görüşlərində və işçi qruplarının iclaslarında mütəmadi olaraq iştirak edir.

Malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılması, bu sahədə mövcud milli  qanunvericilik sənədlərinin, həmçinin Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilə və sazişlərin təkmilləşdirilməsi, yeni sənəd layihələrinin hazırlanması istiqamətində Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, 20.11.2009-cu il tarixində MDB Hökumət başçıları Şurasının Yalta şəhərində keçirilən iclasında “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları” haqqında Saziş imzalanmışdır. Qaydalar, Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ölkələri ilə imzaladığı ikitərəfli azad ticarət haqqında sazişlərin ayrılmaz tərkib hissəsi olmaqla, məhsulların sərbəst hərəkətinə və gömrük güzəştlərinin tətbiqinə təminat yaradır və Azərbaycan  mənşəli mallara idxal ölkəsində tətbiq ediləcək gömrük rüsumunu “sıfırlaşdırır”. Nəticədə,  Azərbaycan mənşəli malların ixracı üçün əlavə stimul yaratmışdır.