Beynəlxalq Elektrotexniki Komissiya (İEC) 1906-cı ildə yaradılmış yarı-hökumət (quasi-governmental) qeyri-kommersiya təşkilatıdır. İEC-in əsas funksiyası elektrik və elektrotexnika məhsulları üzrə konsensus əsaslı beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir. İEC, dünyada beynəlxalq standartların hazırlanmasını həyata keçirən Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və telekommunikasiya sahəsində beynəlxalq standartların müəllifi Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) ilə birlikdə "Dünya Standartlar Kooperasiyasını - WSC (World Standards Cooperation) təşkil edir.
İEC-də dünyanın müxtəlif şirkət, sənaye müəssisəsi, elmi-tədqiqat institutları və hökumət təşkilatlarından 20000–dək ekspert təmsil olunur. Təşkilatın 174 Texniki Komitəsi və 1000-dən artıq İşçi Qrupu fəaliyyət göstərir. Ekspertlərin fəaliyyəti məhsul, sistem və avadanlıqların təhlükəsiz istifadəsi və istismarı, elektrik sərfiyyatında qənaətliliyin təmin olunması ilə ətraf mühitin mühafizəsi, insan həyatı və sağlamlığı üçün zərərin minimuma endirilməsi , ən müasir texniki innovasiyaların və həllərin tətbiqi vasitəsilə elektrotexnika sahəsində inkişafın təmin edilməsindən ibarətdir. Ölkələr təşkilatda Milli Elektrotexniki Komitələri vasitəsilə təmsil olunur.
Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin iyul ayından İEC-in 2001-ci ildə ÜTT-nin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələr üçün yaradılmış və heç bir maliyyə öhdəliyi nəzərdə tutulmadan bütün dünya ölkələrinin beynəlxalq standartlaşdırma fəaliyyətinə cəlb edilməsini hədəfləyən “Müxbir Ölkələr proqramı”nın (Affiliate Country Programme) iştirakçısıdır.