Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci il noyabrın 22-də Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib. Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması və yerli məhsulların ixrac potensialının artırılması üçün milli akkreditasiya sisteminin beynəlxalq aləmdə tanınmasının təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti noyabrın 22-də Almaniyanın Berlin şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib.
İclasda qeyd edib ki, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi və bu sahədə xarici təcrübənin tətbiqi üçün Prezidentin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən komitə tərəfindən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs təsis edilib və ona milli orqan statusu verilib.
Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb. Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.
Bu üzvlük Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin Avropa keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.