- Keyfiyyət infrastrukturu nədir?
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu sahədə fəaliyyəti nədən ibarətdir?
- Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsi dedikdə nə nəzərdə tutulur və hansı qurum tərəfindən təmin edilir?
- Hansı hallarda Dövlət Xidmətinə müraciət edilməlidir? Müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?
- Keyfiyyət infrastrukturu nədir?
Keyfiyyət infrastrukturu malların, işlərin, xidmətlərin və onlarla əlaqəli proseslərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinin dəstəklənməsinə və genişləndirilməsinə istiqamətlənmiş, hüquqi və tənzimləyici çərçivəni və prosedurları ehtiva edən dövlət və özəl təşkilatlardan ibarət sistemdir. Bu sistem texniki tənzimləmə, metrologiya, standartlaşdırma, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və bazar nəzarətinə (tənzimlənən sahələrdə) əsaslanır.
Keyfiyyət infrastrukturu çərçivəsində mütəxəssislər və bu sahədə fəaliyyət göstərən institutlar insanları, sağlamlığı və ətraf mühiti qorumaq məqsədilə fəaliyyət göstərirlər.
İnkişaf etmiş keyfiyyət infrastrukturu sistemi sənayenin inkişafına, bazarlara çıxış imkanlarının artırılmasına, qlobal bazarlarda ticarətin rəqabətqabiliyyətli olmasına, təbii və insan resurslarından səmərəli istifadəyə, dövlət və ictimai maraqların qorunmasına, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla dövlət siyasətinin məqsədlərinə töhfə verir.
- Bu sahədə Dövlət Xidmətinin fəaliyyəti nədən ibarətdir?
- Dövlət kəmiyyət vahidlərinin etalonlarını təsdiq edir, habelə onların əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təşkil edir;
- Keçirilən sınaqların müsbət nəticələri əsasında standart nümunələrinin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar qəbul edir, bu barədə sertifikatlar verir və ölçmə vasitələrinin reyestrini aparır;
- Dövlət metroloji nəzarəti, habelə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarəti həyata keçirir;
- Müqavilə əsasında ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparır, kalibrlənmə haqqında sertifikat verir və ya kalibrlənmə nişanı vurmaq hüququ verir;
- “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət reyestrini aparır və nəşrini təmin edir;
- Standartların hazırlanmasını, qəbulunu, tətbiqini, standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil edir;
- “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirir, habelə uyğunluğu qiymətləndirən qurumların vahid dövlət reyestrini aparır;
- İnsanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyən edir;
- Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini aparır, habelə texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc edir;
- İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara nəzarət tədbirlərini həyata keçirir, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə texniki reqlamentlərin tələblərinə uyğun olmayan malların dövriyyədən çıxarılmasını təmin edir;
- Xarici mənşəli uyğunluq sənədlərinin tanınmasına dair sənədlərin reyestrini aparır;
- fəaliyyət istiqamətləri üzrə qanunvericilik bazasının formalaşdırmasında iştirak edir, habelə normativ hüquqi tənzimlənmənin vəziyyətini təhlil edir, ümumiləşdirmələr aparır, bununla əlaqədar təkliflər hazırlayır;
- müvafiq sahədə fəaliyyətin tənzimlənməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə əlaqədar təkliflər verir;
- malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirir və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat verir.
- Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət tənzimlənməsi dedikdə nə nəzərdə tutulur və hansı qurum tərəfindən təmin edilir?
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi insan həyatının və sağlamlığının qorunması, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaqdır.
Bu məqsədlə dövlət tənzimlənməsinin şamil edildiyi 18 müxtəlif sahə (səhiyyə, baytarlıq, su, qaz, elektrik və istilik enerjisinin sərfinin uçotu, ətraf mühitin mühafizəsi, ödənişli xidmətlərin göstərilməsi, ticarət əməliyyatları, malların ölçülüb qablaşdırılması və s.) müəyyən edilmişdir ki, həmin sahələrdə tətbiq edilən ölçmə vasitələrinə dair tələblər məcburi hesab olunur.
Həmin dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən ölçmə vasitələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 393 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin” Siyahısında müəyyən edilmişdir.
- Hansı hallarda Dövlət Xidmətinə müraciət edilməlidir? Müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?
Fiziki və ya hüquqi şəxslər aşağıda qeyd olunan sənədlərin əldə edilməsi və ya Dövlət Xidmətinin tabeliyində olan qurumların müvafiq sahədəki fəaliyyəti ilə əlaqədar Dövlət Xidmətinə müraciət edə bilərlər:
Keyfiyyət infrastrukturu sahəsində Dövlət Xidməti tərəfindən təqdim olunan sənədlər:
- Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə sertifikatın təqdim edilməsi
Tələb olunan sənədlər:
- standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları;
- standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
- istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikat (olduqda);
- standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası;
- Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi
- kalibrlənmə fəaliyyətini həyata keçirəcək işçi heyəti barədə məlumat (təhsili, iş təcrübəsi);
- kalibrlənmə fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuş laboratoriya barədə məlumat;
- istifadə olunan ölçmə vasitələri, etalonlar barədə məlumat
Dövlət Xidməti tərəfindən malın mənşəyi ilə bağlı təqdim olunan sənəd:
- Malın mənşə ölkəsini təsdiq edən sertifikat
Tələb edilən sənədlər:
- Sifarişçinin ərizəsi (ərizə yazılı və ya elektron formada tərtib olunur);
- Sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
- Sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
- Qaimə-fakturanın (invoysun) surəti;
- İxrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
- ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).
Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslə bağlanmış müqavilə əsasında aşağıdakı xidmətlər üzrə müraciət edə bilərlər:
- ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi;
- sınaq avadanlıqlarının metroloji attestasiyası;
- inşaat materiallarının, ərzaq və qeyri-ərzaq məhsullarının radionuklid tərkibinin təyin edilməsi məqsədi ilə spektrometrik analizlərin aparılması;
- metrologiya sahəsi üzrə ixtisasartırma kursları.
Hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxslə bağlanmış müqavilə əsasında aşağıdakı xidmətlər üzrə müraciət edə bilərlər:
- Malların və xidmətlərin sertifikatlaşdırılması;
- İdarəetmə sistemlərinin sertifikatlaşdırılması;
- Personalın sertifikatlaşdırması;
- Mal (iş, xidmət), onunla əlaqəli proseslər üçün texniki şərtlərin qeydiyyatı;
- Laborator-sınaq xidmətləri;
- Beynəlxalq standartlar əsasında idarəetmə sistemləri üzrə təlimlərin keçirilməsi.
- Standartların rəsmi nəşrlərinin əldə edilməsi.
Hüquqi şəxslər Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslə bağlanmış müqavilə əsasında aşağıdakı qurumların akkreditasiyası üçün müraciət edə bilərlər:
- sınaq laboratoriyaları;
- malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;
- idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar;
- işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;
- inspeksiya orqanları;
- etalon material istehsalçıları;
- ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar.