1. Haqsız rəqabət nədir?
Haqsız rəqabət bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir.
2. Hansı fəaliyyətlər haqsız rəqabətə səbəb olur?
- Təsərrüfat fəaliyyətinin təqlid edilməsi:
- Hər hansı sahibkarın istehsal etdiyi əmtəə, onun forması, qablaşdırılması və xarici tərtibatının (əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla) rəqibi tərəfindən təqlid edilməsi;
- patent-lisenziya hüququnun pozulması yolu ilə məhsulun birbaşa təkrarlanması;
- əmtəə nişanı, coğrafi göstəriciləri, firma adı, əmtəə markası, həmçinin adın qanunsuz istifadə edilməsi (eyniadlı subyekt tərəfindən öz adının hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla).
- Təsərrüfat fəaliyyətinin nüfuzdan salınması:
- sahibkarlıq subyektinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması;
- elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması;
- Təsərrüfat fəaliyyətinə müdaxilə edilməsi:
- sahibkarlıq subyektinin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması;
- sahibkarlıq subyektinin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi;
- Haqsız sahibkarlıq fəaliyyəti:
- elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;
- əsassız üstünlük qazanmaq məqsədilə sahibkarlıq subyektinin təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;
- əmtəələrin məcburi əlavə çeşidlə satılması;
- müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;
- qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.
-Haqsız işgüzarlıq davranışı:
- müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;
- işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneə törədilməsi;
- İstehlakçıların çaşdırılması halları:
- əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;
- əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən reklam üsullarından istifadə;
- istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişan və ya markadan istifadə;
- əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi;
- əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması.
3. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin haqsız rəqabət sahəsində fəaliyyəti nədən ibarətdir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması məqsədilə tədbirlər görür, o cümlədən:
- sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması ilə bağlı işlərə baxır;
- bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının aşkarlanması və aradan qaldırılması ilə bağlı fəaliyyəti həyata keçirir;
- Qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür.
4. Haqsız rəqabət halları ilə bağlı Dövlət Xidmətinə kimlər müraciət edə bilər?
- Hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektləri
- İcra hakimiyyətləri və idarəetmə orqanları
- İctimai təşkilatlar və digər qeyri-kommersiya təşkilatları
- Publik hüquqi şəxslər
Qeyd edək ki, Dövlət Xidməti antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə öz təşəbbüsü, həmçinin müvafiq dövlət orqanlarının materialları və dövri mətbuatın məlumatları əsasında da baxa bilər.
5. Dövlət Xidmətinə müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?
- Elektron qaydada Dövlət Xidmətinin rəsmi səhifəsinin (www.competition.gov.az) “Müraciət” bölməsinin “Ərizə, şikayət, təklif” alt-bölməsi vasitəsilə (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif)
- office@competition.gov.az e-poçt ünvanına lazımi sənədləri göndərməklə
- Dövlət Xidmətinə şəxsən müraciət etməklə (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84. Hökumət evi, 7-ci qapı)
Yaranmış suallarla bağlı 195-1 Çağrı Mərkəzinə müraciət etməyiniz tövsiyə edilir.
Dövlət Xidmətinə yazılı müraciət edərkən aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:
- Ərizə - ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar əks olunmalı, haqsız rəqabətə yolvermə faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir.
- Antiinhisar və haqsız rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq surətdə təsdiq olunmuş surətləri təqdim edilməlidir.
Qeyd: Xarici dildə tərtib edilmiş sənədlər onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir.
6. Haqsız rəqabətə yol vermiş sahibkarlıq subyektlərinin məsuliyyəti nədən ibarətdir?
- Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlərə yol verildikdə, yəni rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması, eyniadlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol vermiş bazar subyektləri barəsində haqsız rəqabətə yol verilməklə satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə iki misli həcmində maliyyə sanksiyası;
- Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması (digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması, rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması), rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə (rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması, rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi), haqsız sahibkarlıq fəaliyyəti (bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması, rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, əmtəələrin məcburi əlavə çeşidlə satışı, müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması, qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması), haqsız işgüzarlıq davranışı (müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması, rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneə törədilməsi), istehlakçıların çaşdırılması kimi hərəkətlərə yol verdikdə (əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması, əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi) bazar subyektləri barəsində haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;
- Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyası;
- Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyası tətbiq olunur.