ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar nəzarəti

1. Antiinhisar nəzarəti nədir?

Antiinhisar nəzarəti əsasən hökmran mövqedə olan təsərrüfat subyektlərinin inhisarçı və rəqabətə zidd digər davranışlarının təsbit edilməsini, həmin davranışlarla mübarizə aparılmasını və qanun pozuntusu aşkar edildiyi təqdirdə, qanunamüvafiq tədbirlərin görülməsini ehtiva edir. Eyni zamanda hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin də müvafiq əmtəə və xidmət bazarlarında üfüqi-şaquli sazişlər vasitəsilə kartel tipli əlaqələr qurması və birləşmə, səhm (pay) alqı-satqısı əməliyyatları ilə bazarda rəqabəti məhdudlaşdırma cəhdlərinə qarşı antiinhisar nəzarəti çərçivəsində qanunamüvafiq tədbirlər görülür.

 

2. Antiinhisar qanunvericiliyinin pozulmasına dair ümumi hallar hansılardır?

  • kartel tipli sövdələşmələr;
  • qiymət manipulyasiyasının həyata keçirilməsi;
  • qapalı satış şəbəkələrinin yaradılması;
  • istehsal olunan və satılan malların üzərində əsassız qiymət nəzarəti qoyulması;
  • əsassız gömrük rüsumlarının müəyyən edilməsi və ya rüsumdan azad edilməsi;
  • əsassız vergi, kredit güzəştləri verilməsi, məhsul istehsalına və xarici iqtisadi fəaliyyətə əsassız qadağa qoyulması;
  • süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması;
  • təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi;
  • kredit ehtiyatları bazarında süni qıtlıq yaratmaq, yaxud qıtlığı qoruyub saxlamaq, həmçinin kredit dərəcələrini yüksəltmək məqsədilə kredit verilməsinin azaldılması və ya dayandırılması;
  • müsabiqə və ya hərrac qaliblərinə icazə verməkdən boyun qaçırılması və s.

Antiinhisar qanunvericiliyinin pozulmasına dair ümumi halların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

3. Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinin antiinhisar nəzarəti fəaliyyəti nədən ibarətdir?

  • Antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirir;
  • İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görür;
  • Antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada hüquqi şəxslərin, o cümlədən dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili, ləğv edilməsi, fiziki və hüquqi şəxslər arasında əqdlər bağlanılması və nizamnamə kapitalındakı səhmlərin (payların) alqı-satqısı zamanı antiinhisar qanunvericiliyinə uyğun olaraq razılıq verir;
  • Təsərrüfat subyektlərinin  birləşmə (qovuşma) əməliyyatları inhisarçılıq yaradarsa, ona qarşı mübarizə aparır, bu əməliyyatlar həyata keçirilən zaman antiinhisar qanunvericiliyinə uyğun razılıq verir;
  • Kartel sövdələşmələrini aşkar edir və aradan qaldırır;
  • Təsərrüfat subyektlərinin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları saziş və müqavilələrin daxili bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda tədbirlər görür;
  • Qiymətlərin artımına təsir göstərən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə müvafiq əmtəə və xidmət bazarları üzrə monitorinqlər aparır;
  • İnhisarçılıq fəaliyyəti göstərən və ya rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran hökmran mövqedəki təsərrüfat subyektlərinin təşkilati, texnoloji və ərazi şəraiti imkan verdiyi halda məcburi bölünməsi haqqında qərar qəbul edir;
  • Antiinhisar qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar yerinə yetirilmədikdə məhkəməyə müraciət edir.

 

4. Antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Xidmətinə necə müraciət edilməlidir?

Antiinhisar qanunvericiliyinin pozulması faktı ilə bağlı Dövlət Xidmətinə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar:

Dövlət Xidmətinə müraciət edərkən aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir:

  • Yazılı şəkildə ərizə ilə müraciət edilməli, ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar əks olunmalı, antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir.
  • Antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq   qaydada  təsdiq olunmuş surətləri təqdim edilməlidir.

Qeyd: Xarici dildə tərtib edilmiş sənədlər onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir.